İsrail Baş naziri Binyamin Netanyahu Qəzzada atəşkəsin birinci mərhələsi başa çatmaq üzrə olduğunu bildirib, bu ayın sonunda ABŞ Prezidenti Donald Trampla görüşəcəyini açıqlayıb.
News365.az-ın xəbərinə görə, İsrail Baş naziri bunu Almaniya kansleri Fridrix Merzlə Qüdsdə birgə mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, son illərdə İsrail Ordusunun Qəzza zolağında, Livanda və İranın özünə qarşı həyata keçirdiyi əməliyyatlar Tehranın hərbi imkanlarına ciddi zərbə vurub və bunun fonunda “sülh üçün yeni imkanlar yaranıb”. Baş nazir bildirib ki, Qəzzada HAMAS hakimiyyətinə son qoymaq üçün bu ayın sonlarında ABŞ prezidenti Donald Trampla görüşəcək və yaranan həmin imkanlar barədə müzakirələr aparacaq.
Binyamin Netanyahu qeyd edib ki, İsrail yaxın günlərdə ikinci mərhələyə keçməyi planlaşdırır. Baş nazir atəşkəsin ilk mərhələsinin demək olar ki, tamamlandığını və son girov – baş çavuş Ran Qvilinin cəsədinin qaytarılmasından sonra ikinci mərhələyə keçidin planlaşdırıldığını qeyd edib.
Onun fikrincə, bu mərhələ daha çətin olacaq. Binyamin Netanyahu üçüncü mərhələnin “Qəzzanın de-radikalizasiyası” olacağını bildirib və bunun İkinci Dünya müharibəsindən sonra Almaniyada həyata keçirilən prosesə bənzədiyini vurğulayıb.