“Uşağın
doğulması ilə əlaqədar kişilərə 14 günlük ödənişli məzuniyyət verilməsi ilə
bağlı qanunvericilikdə təklif edilən dəyişiklik doğru addımdır. Bu, ailə
institutunun möhkəmlənməsi, valideyn məsuliyyətinin bölüşdürülməsi və ailədaxili
harmoniyanın güclənməsi baxımından önəmlidir”.
Bunu News365.az -a
müsahibəsində iqtisadçı Eldəniz Əmirov deyib. O hesab edir ki, bununla
paralel olaraq ailə quranlara 3 günlük ödənişli məzuniyyət hüququnun verilməsi,
valideynlərin məktəb tədbirlərində iştirakını təmin edən yarım günlük “sosial
fasilə” imkanının verilməsi və bu qəbildən digər sosial dəstək mexanizmlərinin
qanunvericilikdə əks olunması vacibdir:
“Çünki, bu
cür humanist və sosial həssas qərarlar dövlət büdcəsinə faktiki olaraq əlavə
maliyyə yükü yaratmır. Lakin insanlar üçün böyük motivasiya yaradır, onların həyatına
rahatlıq gətirir və dövlət–vətəndaş münasibətində müsbət psixoloji effekt
formalaşdırır.
Əgər bəzi
sahələrdə görülməsi planlaşdırılan işlər əlavə maliyyə tələb etdiyi üçün icrası
çətinləşirsə, o zaman heç olmasa maliyyə yükü yaratmayan istiqamətlərdə bu tip
motivasiyaedici və ruhlandırıcı mexanizmlərin verilməsi məqsədəuyğundur. Çünki
bəzən kiçik bir güzəşt və ya rahatlıq, böyük sosial nəticələr yarada bilir”.
News365.az