Türkiyədə fəaliyyət göstərən Toplum Çalışmaları İnstitutu bir sosial araşdırmanın nəticələrini bu gün dərc edib. Araşdırmanın digər məqamları Türkiyənin daxili məsələsi olduğu üçün onları bizim müzakirə etməyimiz düzgün və obyektiv olmaz.
Ancaq paylaşdığım bu qrafika bizlər üçün də effektiv göstərici ola bilər.Belə ki, aşağıdakı qrafikdə ananın təhsil səviyyəsinin uşağın təhsili üzərində təsiredici əhəmiyyətə malik olduğu göstərilir. Orta təhsilli anaların övladlarının ali təhsilə qoşulmaq nisbəti 21.8% təşkil etdiyi halda, ali təhsilli anaların övladlarının ali təhsilə qoşulmaq nisbəti 83.5%-ə bərabərdir. Aradakı fərq kifayət qədər böyükdür. Bu, eyni zamanda təhsildə bərabərsizliyin nəsillərarası ötürüldüyünü nümayiş etdirir.
Bundan əlavə, uşaqların təhsilə çıxış imkanlarının yalnız dövlətin yaratdığı şəraitlə deyil, həm də ailələrin fərdi inkişaf səviyyəsi ilə əhəmiyyətli dərəcədə bağlı olduğunu göstərir. Rəqəmlər qızların təhsilə cəlb edilməsinin nə qədər əhəmiyyətli olduğunu, dövlətin sağlam və istedadlı genefondunun qurulmasında qadınların üzərinə böyük missiya düşdüyünü də nümayiş etdirir.
Qızların təhsili yalnız öz gələcəkləri üçün deyil, dövlətin gələcəyi üçün də strateji əhəmiyyət kəsb edir.