“Uşağın gələcək təhsil istiqamətinə uyğun
olaraq, illərdir ki, sadəcə dərsliklər deyil, əlavə test tapşırıqlarına xüsusi
üstünlük verirəm. Hər tədris
ilin ilk aylarında bir neçə günümü ayırıb kitab mağazalarını “monitorinq” edirəm.
Hansı test kitabları daha çox satılır, hansı müəlliflərin tərtibi daha
düzgündür, müəllimlər hansı materialları daha çox tövsiyə edir, repetitorlar
hansı müəllifləri daha peşəkar hesab edirlər – deyə hamısını mümkün qədər diqqətlə
analiz edirəm”.
Bunu News365.az -a açıqlamasında iqtisadçı Eldəniz Əmirov
deyib. O bildirib ki, maraqlı bir nəticə ortaya çıxır:
“Deməli, ən çox təriflənən müəlliflərin böyük
qismi vaxtında universitetə yüksək balla belə daxil olmayıb. Məsələn, konkret bir fənn üzrə
maraqlananda, bir-birini tanımayan bir neçə müəllim eyni test kitabını “peşəkar,
dolğun və düzgün hazırlanmış” hesab edir. Müəllif barədə maraqlananda görürəm
ki, o, regiondakı nüfuzu yüksək olmayan ali məktəbə aşağı balla daxil olub.
Eyni hallı digər bir neçə müəllif üçün də gördüm.
Onlar
universitetə yüksək balla girməyib. Amma bu gün onlar öz işlərini qurublar,
minlərlə gəncə fayda verirlər, peşəkar məhsullar ortaya çıxarırlar və bununla
da həm də öz biznesi qurub, qazancını qazanırlar.
Deməli,
dostlar, uğur heç də “hara daxil oldun?”, “neçə bal topladın?” sualları ilə
ölçülmür. Uğur insanın öz üzərində yorulmadan, fasiləsiz və sistemli şəkildə
işləməsidir. Davamlı zəhmət çox vaxt keçmişdəki hər cür “balları” qabaqlayır”.
News365.az