İslam məzhəblərində siqaretə baxış- Tural İrfan yazır

İslam məzhəblərində siqaretə baxış- Tural İrfan yazır
09:22
Məşhur İslam məzhəblərinin siqaretin haramlığı haqda mövqeyi
1. Cəfəri (şiə) məzhəbinin ümumi rəyinə görə siqaret və oxşar məmulatların istifadəsi haram yox, məkruhdur. Lakin Ayətullah Muhəmməd Hüseyn Fəzlullah kimi bəzi ərəb müctəhidlər qəti haram hesab edirlər. İran iqtisadiyyatının müəyyən hissəsi tütün istehsalı ilə bağlı olduğu və bəzilərinin özləri də siqaret çəkdiyi üçün fəqihlərin əslində siyasi manevri anlaşılandır.
2. İbadiyyə (nə sünni, nə şiə) məzhəbinə görə də siqaret qəti haramdır. Omanın Baş Müftisi və İbadiyyə məzhəbinin ən nüfuzlu alimlərindən olan Şeyx Əhməd əl-Xəlili siqaret çəkməyin, həmçinin tütün məmulatlarının ticarətinin haram olduğu barədə qəti fətva vermişdir. Omanda demək olar ki, siqaret satılmır, çəkilmir.
3. Zeydiyyə (nə sünni, nə şiə) fiqhinə görə də, bədənə aşkar zərər verən, sağlamlığı pozan və malı israf edən hər bir şey haramdır. Müasir tibbin siqaretin xərçəng və digər ölümcül xəstəliklərə səbəb olduğunu sübut etməsi bu məhsulun haram sayılmasına gətirib çıxarır. Orucu da batil edir.
4. Müasir Sələfi (sünni) alimlərinin böyük əksəriyyətinə görə də siqaret haramdır.
5. Dünya müsəlmanlarının böyük çoxluğunu özündə toplayan Hənəfi (sünni) məzhəbinin alimlərinin də əksəriyyətinə görə siqaret haram yaxud təhrimən məkruhdur.
6. Şafii (sünni) məzhəbində siqaretin hökmü ilə bağlı müasir və klassik alimlər arasında fərqli fikirlər olsa da, müasir dövrün əksər alimləri onun haram olduğunu bildirirlər.
7. İsmaili (şiə) məzhəbinə görə siqaret qəti haramdır. İsmaili məzhəbinin Nizari qolunun imamlarının (Ağa Xanların) bu mövzudakı mövqeyi aşağıdakı əsaslara söykənir:
İmamın Fərmanları: İndiki İmam IV Şah Kərim əl-Hüseyni (Ağa Xan) siqaret çəkməyi, spirtli içki və narkotik istifadəsini "şər və zərərli" vərdişlər adlandırmış, onları mənəviyyata və sağlamlığa ziyan vuran "sosial bəlalar" kimi xarakterizə etmişdir. Orucu da pozur.
8. Hənbəli (sünni) məzhəbinin müasir alimlərinə görə də siqaret, elektron siqaret, qalyan çəkmək haramdır.
9. Maliki (sünni) məzhəbinə görə siqaret haramdır.
Bu gün dünyada 2 milyarda yaxın müsəlmanın cüzi qismi istisna olmaqla hamısı bu 9 məzhəbdən birinə mənsubdur. Bu məzhəblərin fiqh alimlərinin fətvalarına görə siqaret və oxşar məmulatların istifadəsi əsasən 3 əsasa görə haramdır:
1. Cana ziyan. Çünki Qurana görə cəsəd Allahın əmanətidir, insan özünü bilərək təhlükəyə atarsa haram iş görmüş sayılır. Bütün tibb alimlərinin rəyinə görə də siqaret insan sağlamlığına zərərlidir.
2. İsraf. Quranda israfçılıq qəti şəkildə haram edilir. Xüsusən cana və mala zərərli, siqaret kimi işlərdə israf etmək daha şiddətli haramdır.
3. Ətraf mühitə və başqalarına zərər, pis örnək. Məlumdur ki, siqaret zərərli tüstü buraxır və atmosferi, istifadə edildiyi yeri çirkləndirir, digərlərinə də pis örnək olur. Eyni zamanda İslamda xoş ətirlər və təmizlik əmr olunduğuna əks olaraq siqaret çəkən adam üfunət iyi verir. Çox zaman da bu formada namaza, Allahın hüzuruna çıxır. Bu da əlavə hörmətsizlikdir.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada