Heç düşünmüsünüzmü ki, həyatınızda dediyiniz adi bir söz, etdiyiniz kiçik bir yaxşılıq və ya göstərdiyiniz sadə bir davranış kiminsə taleyini dəyişmiş ola bilər?. Bəlkə də siz bunu heç vaxt bilməyəcəksiniz. Çünki insan həyatının ən maraqlı tərəfi budur: onun təsiri həmişə gözlə görünmür. Günəş hər səhər doğarkən neçə pəncərəni işıqlandırdığını saymadığı kimi, insan da çox vaxt qəlblərdə yandırdığı işıqların fərqinə varmır. Biz adətən həyatımızı əldə etdiklərimizlə ölçürük. Nə qazandıq, nə itirdik, hansı məqsədə çatdıq, kim bizi qiymətləndirdi... Amma zaman keçdikcə insan anlayır ki, həyatın əsl mənası sahib olduqlarında deyil, toxunduğu həyatlardadır. Çünki insanın böyüklüyü bəzən gördüyü işlərdə yox, başqalarının qəlbində oyatdığı ümiddə gizlənir. Məhz buna görə bəzi insanlar dünyadan köçsələr də unudulmurlar. Çünki onların varlığı sadəcə öz həyatlarını deyil, başqalarının həyatını da işıqlandırıb. İnsanın ən böyük izi ayaqlarının torpaqda qoyduğu iz deyil, qəlblərdə buraxdığı izdir. Psixoloqlar maraqlı bir həqiqəti qeyd edirlər ki, insan beynində mənfi fikirlər müsbət fikirlərdən daha güclü iz buraxır. Buna "neqativlik qərəzi" deyilir. Məhz buna görə də insanlar çox zaman uğur ehtimalından əvvəl uğursuzluq ehtimalını görürlər. Bir insan yeni bir addım atanda onun qarşısına çıxan ilk maneə xarici dünya deyil, öz beynidir. Şübhə, qorxu və tərəddüd insanın daxilində qurulmuş görünməz divarlardır. Ən qəribəsi isə budur ki, insanın özünə inanmaması üçün çox vaxt heç bir real səbəb olmur. Sadəcə olaraq o, başqalarının qorxularını öz həqiqəti hesab edir. Tarixə baxdıqda görürük ki, böyük dəyişikliklərin hamısı əvvəlcə qeyri-mümkün görünürdü. İnsanlar min illərlə göylərdə uçmağın mümkünsüz olduğunu düşünürdülər. Sonra bir gün kimsə buna inanmağa cəsarət etdi. İnsanlar okeanların o tayında torpaq olmadığını zənn edirdilər. Sonra kimsə üfüqün arxasını görmək istədi. İnsanlar bir zamanlar xəstəlikləri taleyin hökmü hesab edirdilər. Sonra elm meydana çıxdı və milyonlarla insanın həyatını xilas etdi. İnsanların "mümkün deyil" dedikləri şeylərin əksəriyyəti sadəcə olaraq hələ edilməmiş şeylər olub.
Fəlsəfədə maraqlı bir sual var: İnsan niyə yaşayır?
Bu suala min illərdir müxtəlif cavablar verilir. Bəziləri deyir ki, xoşbəxt olmaq üçün. Bəziləri deyir ki, öyrənmək üçün. Bəziləri isə deyir ki, iz buraxmaq üçün. Lakin bütün bu cavabların ortaq nöqtəsi var. İnsan yalnız özü üçün yaşadıqda daxilində bir boşluq hiss edir. Həyat yalnız "mən nə qazandım?" sualı üzərində qurulduqda ruh doymaq bilmir. İnsan qəlbinin ən dərin ehtiyacı mənalı olmaqdır. İnsan hiss etmək istəyir ki, onun varlığı hansısa yaxşılığa xidmət edib. Məşhur psixiatr Viktor Frankl yazırdı ki, insanın əsas ehtiyacı xoşbəxtlik deyil, mənadır. Mənasını itirən insan gücünü də itirir. Mənasını tapan insan isə ən ağır çətinliklərə dözə bilir. Quranda insanın yer üzündə məsuliyyət daşıyan bir varlıq olduğu vurğulanır. İnsana ağıl, vicdan və seçim azadlığı verilməsi təsadüfi deyil. Bunlar sadəcə yaşamaq üçün deyil, doğru ilə yanlışı ayırmaq üçün verilmiş nemətlərdir. Maraqlıdır ki, Quranda bir çox Peyğəmbərlərin həyat hekayələri uğurla deyil, çətinliklə başlayır. Çünki ilahi qanunlardan biri budur: insanın daxili gücü rahatlıqda deyil, sınaqlarda üzə çıxır. Qaranlıq gecə olmadan səhərin dəyəri bilinmədiyi kimi, çətinlik olmadan da insan öz gücünü tanıya bilmir. Bəzən həyat insanı elə nöqtəyə gətirir ki, bütün qapılar bağlanmış kimi görünür. Məhz həmin an insanın həqiqi xarakteri meydana çıxır. Çünki insanın kim olduğu rahat günlərdə deyil, çətin günlərdə məlum olur. Psixologiyada "özünü doğruldan proqnoz" anlayışı mövcuddur. İnsan davamlı olaraq uğursuz olacağına inanırsa, şüuraltı davranışları onu həqiqətən uğursuzluğa aparmağa başlayır. Əgər uğur qazanacağına inanırsa, beynində tamamilə fərqli mexanizmlər işə düşür. Başqa sözlə desək, insanın gələcəyini çox vaxt ilk növbədə hadisələr deyil, hadisələrə münasibəti formalaşdırır. Məhz buna görə bəzi insanlar eyni şəraitdə böyüyür, lakin tamam fərqli nəticələr əldə edirlər. Onların imkanları deyil, düşüncə tərzi fərqli olur. Təbiət özü də bu həqiqəti bizə öyrədir. Daşların arasından çıxan ağaclar var. Fırtınalara sinə gərən qayalar var. Aylarla qaranlıq torpağın altında qalan toxumlar var. Təbiətdə heç nə asanlıqla formalaşmır. Güc həmişə müqavimət içində yaranır.
Bəlkə də insanın ən böyük yanlışı öz dəyərini insanların reaksiyaları ilə ölçməsidir. Halbuki tarix göstərir ki, insanların fikri külək kimidir — hər gün istiqamət dəyişir. Dünən lağa qoyulan insanlar bu gün hörmətlə anılırlar. Dünən alqışlananların bir hissəsi isə bu gün unudulub. Əsl dəyər insanların alqışında deyil, vicdanın sakitliyində gizlənir. Bir gün bu həyatdan köçəcəyik. Geriyə baxanda nə qədər pul qazandığımızı, neçə nəfərin bizi təriflədiyini və ya neçə dəfə haqlı çıxdığımızı xatırlamayacağıq. İnsan ömrünün sonunda daha sadə suallarla qarşılaşır: Kiminsə yükünü yüngülləşdirdimmi?, Kiməsə ümid verə bildimmi?, Kiminsə qaranlığında bir işıq yandıra bildimmi?. Çünki insanın böyüklüyü sahib olduqları ilə deyil, toxunduğu həyatlarla ölçülür.
Bəzən sən sadəcə öz yolunla getdiyini düşünürsən, amma əslində sənin addımların kiminsə yolunu işıqlandırır. Bəzən bir sözün, bir davranışın, bir mübarizən heç tanımadığın insanların qəlbində ümidə çevrilir. İnsan çox vaxt bunun fərqinə varmır. Lakin dünya məhz belə dəyişir. Bir insanın yandırdığı kiçik bir işıqla...
Həsən Nağıyev, filosof