Xalqı duymaq üçün onun arasında olmaq da azdır- Tural İrfan yazır

Xalqı duymaq üçün onun arasında olmaq da azdır- Tural İrfan yazır
09:37
Xalq yazıçısının, jurnalistin, Əməkdar artistin xalqa, lap xalqın bir hissəsinə xitabət tərzi, ünvanladığı aşağılayıcı ifadələr siniflərarası məsafənin nə qədər uzaqlaşdığını göstərir. Eyni zamanda sözü gedən şəxslərin püskürdüyü hiddət və daxili nifrətin təzahürlərinə reaksiya verən kütlənin gərgin ritorikası sosial - psixoloji vəziyyətin nə qədər dumanlı olduğunu açıq təzahür etdirir.
Bir qədər əvvəl də bir siyasi təşkilat sədri jurnalisti açıq mətndə söyüşlə təhqir etmişdi. Bəzi məmurların yaxud məmurlaşmış ictimaiyyət nümayəndələrinin bu təxribatçı və qeyri-təbii çıxışlarının əhali arasında dərhal mənfi reaksiya doğurması onu göstərir ki, sözü gedən mövzu ilə bağlı danışanlar Azərbaycanda olsalar da xalqın içində deyillər. Tutaq ki, ictimai nəqliyyatdan istifadə etmirlər, nisyə çörək alan dörduşaqlı ailələri tanımırlar, pensiyası dərmanlarına çatmayan xəstə qocaların qapıya dikilmiş ümidsiz, yaşlı gözlərinin içinə baxmayıblar. Məktəbdə şirin kökə yeyən imkanlı uşaqlarının ağzına baxıb köks ötürən məsum körpələrin nimdaş geyiminə təfərinc etməyiblər...
Kasıblıq elə şeydir ki, dadmayan bilməz. Özün yaşamasan, ona tərif deyilməz. Gərək onu yaşayasan, duyasan. İstənilən ağrını həkimə olduğu kimi çatdırmaq olmur. Necə zəngin söz ehtiyyatın olsa da, fəsahətlə ifadə etsən də, yenə də hiss edirsən ki, ağrını tam çatdıra bilmədin. Bax kasıblıq odur. Qaz sayğacında pulun qurtarıb otaq buza dönəndə üstünə saldığın ikinci yorğanın da canını isitməməsidir, kasıblıq. Ağlamaq istəyib, ağlaya bilməməkdir, kasıblıq. Səhər məktəbə gedən uşağına yol pulu verəndə kökə pulu verə bilməməkdir, kasıblıq. Dost toyuna borc pul, nisyə paltarla getməkdir, kasıblıq. Çörək pulu saxlayasan deyə at yoran yolları tozun-torpağın içində piyada gəzməkdir, qazancın olmadığı günün axşamı gözü yolda olan körpələrin üstünə əliboş qayıtmaqdır, kasıblıq...
Müayinə üçün ac getdiyi xəstəxanalardakı uzun sıralarda gözünə qaranlıq çəkməyən hardan bilsin, kasıb dərdini?
Apteklərdə son manatını dərmana verib evə piyada qayıdanın nəbzinin necə vurduğunu bilməyən hardan qansın, kasıb dərdini?
Yolda meyvə satanı görüb sevinən uşağının əlindən çəkib qapıdan içəri salan pulsuz ananın hisslərini duymayan hardan bilsin, kasıblıq nədir?
Tanıyan olmasın deyə gecələr zibil qablarından yararlı zibil axtaran anaların his-paslı əllərini tutmayan hardan bilsin kasıb dərdini?
Körpülərin altında böyük məmur maşınlarına əl aşan qucağı körpəli gəlinin xəcalət yaşmağına necə hürünməsini düşünməyən hardan bilsin, dilənmək nədir?
Xalqı duymaq üçün onun arasında olmaq da azdır. Xalqın dərdinin, kasıblığının, ağrısının, acısının içində olmaq lazımdır. Formal yox, real!
Sosial problemlər, qayğılar, ehtiyaclar içində çırpınan gərgin adamları üstəlik də təhqir etmək, qanmaz yerinə qoymaq, aşağılamaq ilk növbədə siniflərarası sosial məsafənin uzunluğunu göstərir. Hətta bu uzunluq o qədər çoxdur ki, biri dediyini o biri eşitmir, anlamır...
Tural İrfan, MCP sədrinin müavini

Sizin reklam burada
Sizin reklam burada