Amerikalılar 10 ilə bu qədərmi dəyişib? Təhsil və seçki nəticələri diqqət çəkir

Amerikalılar 10 ilə bu qədərmi dəyişib? Təhsil və seçki nəticələri diqqət çəkir
13:20

ABŞ-da seçkilərin nəticələri cəmiyyətdə təhsil səviyyəsi ilə siyasi seçimlər arasındakı əlaqəni yenidən gündəmə gətirib. Xüsusilə ali təhsilli seçicilərin siyasi üstünlükləri ilə bağlı müzakirələr fonunda 2016-cı il prezident seçkilərinin nəticələri ilə müqayisə maraq doğurur. Təhsil eksperti Etibar Əliyev də bu məsələyə diqqət çəkərək amerikalı seçicilərin on il əvvəlki siyasi seçimlərini xatırladıb.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Ekspert tanınmış sosioloq və antropoloq Emmanuel Toddun “Biz hara gedirik?” kitabında 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkiləri ilə bağlı yer alan statistik məlumatları təqdim edib.

Həmin məlumatlara əsasən, 2016-cı ildə yalnız orta təhsili olan ağdərili seçicilərin 71 faizi Donald Trampa, 23 faizi isə Hillari Klintona səs verib. Ali təhsili olmayan seçicilər arasında da Tramp üstünlük qazanıb. Bu kateqoriyaya daxil olanların 51 faizi Trampı, 43 faizi isə Klintonu dəstəkləyib.

Bakalavr təhsili olan seçicilər arasında Klinton 49 faiz, Tramp isə 43 faiz səs toplayıb. Magistr dərəcəsinə malik şəxslərin 58 faizi Klintona, 37 faizi Trampa üstünlük verib.

Kitabda yer alan statistikaya görə, LGBT icmasının üzvləri arasında da Klintonun üstünlüyü qeydə alınıb. Bu qrupun 77 faizi Klintona, 14 faizi isə Trampa səs verib.

Etibar Əliyev paylaşımında həmin göstəriciləri xatırladaraq belə bir sual ünvanlayıb: “10 ilə Amerika camaatı bu qədərmi savadlandı?!”


Sizin reklam burada
Sizin reklam burada