Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb.
News365.az-ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib.
Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub. Mübahisə adətən dini məsələlərlə bağlı olub. Belə ki, Abdurrəhmanın atası dindar olub və ailə üzvlərini şəriət qaydalarına uyğun hərəkət etməyə çağırıb. Lakin ailədə ana və iki qızı onun tətbiq etdiyi qaydalara riayət etməyib. Bu məsələ də ailədə mütəmadi söhbətlərə gətirib çıxarıb. Abdurrəhman isə mübahisə zamanı atasının tərəfini tutub, anasını və bacılarını səhv yolda olmaqda günahlandırıb. Nəticədə mübahisə böyüyüb və qadın ərindən evin satılaraq iki yerə bölünməsini istəyib. Abdurrəhman və atası isə evin satılması təklifini rədd ediblər. Qadın və iki qızı evi bölmək üçün təkid edən vaxt əsəbiləşən Abdurrəhman bir qab benzini götürərək evə töküb yandırmaq istəyib. Hadisə zamanı o, evlə birlikdə anasının da üstünə benzin tökərək ona od vurub. Qadının yandığını görən ailə üzvləri onu xilas etmək istəsələr də, alınmayıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Həsənli saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Abdurrəhman 17 il 6 ay azadlıqdan məhrum edilib.