Trampın seçki məğlubiyyəti Putin və Si Cinpinin planlarını dəyişə bilər

Trampın seçki məğlubiyyəti Putin və Si Cinpinin planlarını dəyişə bilər
12:55

Politoloq Elxan Şahinoğlunun fikrincə, Demokratlar Partiyasının Konqresə ara seçkilərində qələbə qazanaraq Nümayəndələr Palatası və Senatda üstünlük əldə etməsi ABŞ Prezidenti Donald Trampın gələcək siyasi planlarına təsirsiz ötüşməyəcək. Bu nəticə həm Trampı, həm də Respublikaçılar Partiyasını mövcud siyasətə yenidən nəzər salmağa məcbur edəcək.

Politoloq bu barədə sosial şəbəkə hesabında paylaşım edib.


Şahinoğlu qeyd edib ki, Tramp Konqresin müxtəlif qərarlarına veto qoymaq səlahiyyətinə malik olsa da, demokratların üstünlük qazanması onun və respublikaçıların qarşısında əlavə çətinliklər yaradacaq.

Onun sözlərinə görə, Konqresin xarici siyasətə müdaxilə imkanları daxili siyasətlə müqayisədə məhdud olsa da, demokratlar Trampın Rusiya-Ukrayna müharibəsi və İranla bağlı planlarına təsir göstərməyə çalışacaqlar.

Politoloq bildirib ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə ərazi itkiləri ilə barışmaq və Kremlin şərtlərini qəbul etmək istiqamətində təzyiq göstərir. Demokratlar isə əksinə, Rusiya Prezidenti Vladimir Putinə təzyiqin artırılmasını dəstəkləyirlər.

Şahinoğlu hesab edir ki, Tramp bu mövqeyi nəzərə almağa məcbur olacaq. Onun fikrincə, demokratlar ABŞ prezidentinin İrana qarşı yeni müharibəyə başlamasının da əleyhinədirlər.

Politoloq xatırladıb ki, Tramp ara seçkilərə qədər İrana qarşı yeni müharibəyə başlaya biləcəyini bildirirdi. Lakin demokratların qələbəsindən sonra ABŞ prezidentinin bu məsələ ilə bağlı daha ehtiyatlı ifadələr işlətməyə başladığı müşahidə olunur.

Putin və Si Cinpin Trampın zəifləyən mövqelərini nəzərə alacaq

Şahinoğlunun qənaətinə görə, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Donald Trampla dialoqu davam etdirəcəklər. Bununla belə, hər iki lider Konqresə seçkilərin nəticələrinin Trampın mövqelərini zəiflətdiyini anlayır və onunla münasibətlərdə bu amili nəzərə alacaqlar.

Politoloq Si Cinpinin Pekində Oman Sultanı Heytəm bin Tariq əl-Səidi ilə görüşü zamanı Fars körfəzinin geosiyasi mübarizə zonasına çevrilməsinin qəbuledilməz olduğunu bildirməsinə diqqət çəkib.

Onun sözlərinə görə, Çin liderinin Fars körfəzinin böyük dövlətlər arasında rəqabət və geosiyasi münaqişələr meydanına çevrilməməsi ilə bağlı çağırışı Vaşinqtona mesajdır. Bu mesajın əsas məqsədi İrana qarşı yeni müharibənin bölgədə vəziyyəti daha da gərginləşdirəcəyini çatdırmaqdır.

Trampın Putin və Si Cinpinlə görüşünün əhəmiyyəti azalıb

Politoloq qeyd edib ki, noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammiti çərçivəsində Si Cinpinin Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşü planlaşdırılır.

Şahinoğlunun fikrincə, Trampın ara seçkilərdə məğlubiyyətindən sonra bu görüşün əhəmiyyəti azalıb. Çünki demokratların qələbəsi ABŞ prezidentinin Çin və Rusiya liderlərinə verəcəyi vədləri yerinə yetirmək imkanlarını məhdudlaşdırır.

Politoloq hesab edir ki, Konqresdəki yeni siyasi vəziyyət Trampın xarici siyasət qərarlarına təsir göstərəcək və onun Putinlə Si Cinpin qarşısında götürəcəyi öhdəliklərin icrasını çətinləşdirəcək.


Sizin reklam burada
Sizin reklam burada