Putin üçün sülh hakimiyyətinin sonunu yaxınlaşdıra bilər

Putin üçün sülh hakimiyyətinin sonunu yaxınlaşdıra bilər
15:30

Ukraynada müharibənin dayandırılması ilə bağlı mümkün danışıqların nəticə verib-verməyəcəyi hələ də sual altındadır. Çünki diplomatik masada sülhdən danışıldığı bir vaxtda cəbhədə hücumların davam etməsi Moskva ilə Kiyev arasında real razılaşma ehtimalını zəiflədir.

Politoloq Natiq Miri News365.az-a bildirir ki, Rusiya Prezidenti Vladimir Putin üçün müharibənin başa çatması yalnız hərbi deyil, həm də hakimiyyətinin gələcəyi baxımından ciddi nəticələr doğura bilər.


Politoloq bu barədə açıqlamasında bildirib ki, danışıqların real siyasi nəticə verməsi üçün hər iki tərəf müharibəni dayandırmaq niyyətində olmalıdır. Onun fikrincə, Ukrayna belə bir addıma hazır görünsə də, Rusiyanın davranışları Putinin sülhə maraqlı olmadığını göstərir.

Natiq Miri diqqətə çatdırıb ki, Rusiya ordusunun Ukraynanın yaşayış məntəqələrinə, enerji və mülki infrastrukturlarına, eləcə də mülki nəqliyyat vasitələrinə hücumları Moskvanın müharibəni dayandırmaq niyyətində olmadığı qənaətini gücləndirir. Politoloqun sözlərinə görə, hücumların miqyası Rusiyanın hərbi əməliyyatlarla yanaşı, Ukrayna əhalisini də hədəfə aldığını göstərir.

Ekspert danışıqlar prosesinin arxasında başqa siyasi məqsədlərin dayana biləcəyini də istisna etmir. O hesab edir ki, Putin diplomatik təmaslardan Qərbin sanksiyalarından yayınmaq və müharibəni davam etdirmək üçün vaxt qazanmaq məqsədilə istifadə edir.

Miri bildirib ki, Donald Tramp administrasiyası danışıqları əsas gətirərək Rusiyaya qarşı nəzərdə tutulan sanksiyaların tətbiqini müvəqqəti təxirə salıb. Bununla yanaşı, Rusiyanın neft və dizel yanacağı satışından əlavə gəlir əldə etməsinə imkan yaranıb. Politoloqun fikrincə, bu cür güzəştlər Moskvanın maliyyə imkanlarını genişləndirərək müharibənin uzanmasına şərait yarada bilər.

Natiq Miri Putinin müharibəyə münasibətini ölkədaxili siyasi vəziyyətlə də əlaqələndirib. Onun qənaətinə görə, Rusiya rəhbəri müharibəni hakimiyyətini qorumaq üçün mühüm vasitəyə çevirib. Çünki hərbi əməliyyatlar dayandırıldıqdan sonra ölkədəki iqtisadi və sosial problemlərlə bağlı sualların birbaşa Kremlə ünvanlanması ehtimalı artacaq.

Politoloq bu səbəbdən hazırkı danışıqları sülhə aparan real prosesdən daha çox vaxt qazanmaq cəhdi kimi qiymətləndirir. O, eyni zamanda, Trampın Rusiya ilə münasibətlərdə tutduğu mövqeyi neytral hesab etmir və Vaşinqtonun Moskvaya güzəştlərinin gələcəkdə mənfi nəticələr verə biləcəyini düşünür.

Miri hesab edir ki, Rusiya mövqeyini dəyişmədiyi təqdirdə Tramp administrasiyası gec-tez Moskva qarşısında daha sərt mövqe tutmağa məcbur qala bilər. Onun fikrincə, ABŞ-də aralıq seçkilərdən sonra Konqresdə demokratların mövqelərinin güclənməsi də prezidentin siyasi imkanlarını məhdudlaşdıracaq. Bu isə Trampın qanunvericilik təşəbbüslərini və kadr qərarlarını həyata keçirməsini çətinləşdirə bilər.


Sizin reklam burada
Sizin reklam burada