ABŞ-də siyasi mənzərənin dəyişməsi Donald Trampın İranla bağlı qərarlarına da təsirsiz ötüşməyə bilər. Konqresdə demokratların mövqelərinin güclənməsi Ağ Evin hərbi planlarına maneələr yarada biləcəyi halda, Yaxın Şərqdə müharibənin davam etməsi dünya iqtisadiyyatı üçün əlavə risklər formalaşdırır. İndi əsas sual Vaşinqtonun Tehranla qarşıdurmanı hansı istiqamətdə davam etdirəcəyidir.
News365.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı yeni hücum planının gündəmdə olmadığını açıqlasa da, vəziyyət dəyişəcəyi təqdirdə hərbi addım atmağa hazır olduğunu bildirib.
Vaşinqtonun qarşısında üç mümkün variantın olduğu bildirilir. Bunlardan birincisi İranın strateji əhəmiyyətli obyektlərinə məhdud zərbələrin endirilməsi, ikincisi isə ölkənin hərbi və mülki infrastrukturunu əhatə edən genişmiqyaslı əməliyyatdır. Üçüncü ssenari isə Tehranla razılaşma əldə edərək gərginliyi diplomatik yolla azaltmaqdır.
ABŞ-də ara seçkilərdən sonra Konqresdə demokratların çoxluq qazanması Tramp administrasiyasının manevr imkanlarını məhdudlaşdıra bilər. Belə ki, hərbi xərclərə nəzarətin gücləndirilməsi və müharibə ilə bağlı araşdırmaların başlanması prezidentin yeni hərbi qərarlar qəbul etməsini çətinləşdirə bilər.
Tehran isə Vaşinqtonun siyasətində ciddi dəyişiklik gözləmədiyini bəyan edir. İran rəsmiləri ABŞ-nin mümkün yeni hücumunun ağır nəticələr doğuracağı barədə xəbərdarlıq edərək, ölkələrinin belə bir ssenariyə cavab verməyə hazır olduğunu bildirirlər.
Beləliklə, Tramp administrasiyasının qarşısında hərbi təzyiqi artırmaq, diplomatik razılaşmaya getmək və ya mövcud vəziyyəti qorumaq kimi seçimlər dayanır. Bu qərarın yalnız ABŞ-İran münasibətlərinə deyil, enerji bazarlarına və qlobal iqtisadi sabitliyə də təsir göstərəcəyi gözlənilir.
News365.az