Ərdoğan Putinlə danışacaq - AÇIQLAMA

Ərdoğan Putinlə danışacaq - AÇIQLAMA
14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həlli məsələsini müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq istədiyini bildirib.

News365.az xəbər verir ki, Ərdoğan bu barədə Cənubi Koreyanın paytaxtı Seula səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında danışıb.

Türkiyə lideri Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya səfəri zamanı münaqişənin həlli ilə bağlı məsələlərin ətraflı müzakirə olunduğunu bildirib.

“Zelenskinin şənbə günü Türkiyəyə səfəri zamanı bu məsələləri ətraflı müzakirə etmək imkanımız oldu. Biz Zelenskiyə Rusiya ilə Ukrayna arasında müharibənin danışıqlar yolu ilə dayandırılması üçün diplomatik addımların atılmasının nə qədər vacib olduğunu izah etdik. Türkiyə sülhə gedən yolu açmaq üçün əlindən gələni edir və bundan sonra da edəcək”, – deyə Ərdoğan bildirib.

Türkiyə lideri Putinlə də görüşmək niyyətində olduğunu vurğulayıb:

“Zelenski ilə bu görüşdən sonra indi biz cənab Putinlə danışıqlar aparmaq və məsələnin Rusiya tərəfini də müzakirə etmək istəyirik. Bu arada, müvafiq nümayəndələrimiz, ilk növbədə xarici işlər nazirimiz öz həmkarları ilə təmaslar quracaq və ümid edirəm ki, Rusiya tərəfini bu danışıqlara hazırlayacaqlar”.

Ərdoğan Türkiyənin Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həlli istiqamətində səylərini davam etdirəcəyini bildirib.


Sizin reklam burada
Sizin reklam burada