Azərbaycanda ev heyvanlarının baytarlıq pasportlarının rüsumunun artırılması və ikinci əl avtomobillərin satışına ƏDV güzəşti ilə bağlı yeni təkliflər müzakirələrə səbəb olub. İqtisadçı Natiq Cəfərli hər iki məsələ ilə bağlı fikirlərini bölüşərək hökumətin qərarlarına münasibət bildirib və yeni vergi mexanizminin əhatə dairəsinin məhdud olmasını sual altına alıb.
Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb ki, gələn ildən it və pişiklər üçün verilən baytarlıq pasportlarının rüsumu 50 faiz artırılaraq 30 manata çatdırılacaq. İqtisadçı bu addımı büdcə gəlirlərinin artırılması məqsədilə atılan tədbirlərdən biri kimi qiymətləndirib.
O, ikinci əl avtomobillərin satışına dair nəzərdə tutulan dəyişiklikləri isə müsbət addım hesab edib. Təklifə əsasən, avtomobil satışı ilə məşğul olan rəsmi dilerlər istehsal tarixindən beş ildən çox keçməmiş avtomobilləri nağdsız qaydada əldə edib satdıqları zaman üç il müddətində ƏDV-ni avtomobilin tam satış qiymətindən deyil, yalnız ticarət əlavəsindən ödəyəcəklər.
İqtisadçı bu mexanizmin mahiyyətini izah edərək bildirib ki, yeni qayda qəbul olunarsa, diler avtomobili 20 min manata alıb 22 min manata satdığı halda, ƏDV yalnız alış və satış qiyməti arasındakı 2 min manatlıq fərqə hesablanacaq.
Natiq Cəfərli bu yanaşmanı əvvəlki qayda ilə müqayisədə daha məntiqli hesab etsə də, təklifin məhdudiyyətlərinə diqqət çəkib. Onun fikrincə, güzəştin yalnız istehsal tarixi beş ildən çox olmayan avtomobillərə və nağdsız əməliyyatlara şamil edilməsi, eləcə də cəmi üç il müddətinə nəzərdə tutulması suallar yaradır.
İqtisadçı hesab edir ki, hökumət ikinci əl avtomobil bazarında vergi yükünü azaltmaq istəyirsə, bu güzəşti daha geniş əhatəli və uzunmüddətli şəkildə tətbiq etməlidir.
News365.az