“Erməni lobbisinin yuvasına çevrilmiş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkəmizə qarşı qərəzi davam etməkdədir. Bu təşkilat dövlətimizin ərazilərini işğaldan azad etməsini, Qarabağ ərazisində öz suverenliyini təmin etməsini, erməni separatizminin kökünü kəsməsini həzm edə bilmir. Bu səbəbdəndir ki, AŞPA-da Azərbaycanla bağlı əsassız müzakirələr vaxtaşırı olaraq gündəmə gətirilir”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a deyib.

Onun sözlərinə görə, Ermənistanın 30 illik işğalı dövründə Avropa təsisatları bu ölkənin işğalçı siyasətini pisləyən qətnamələr qəbul etməyib, əksinə “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı sənədlər qəbul edib. Bu dəfə isə AŞPA özünə əlavə “tərəfdaş” qoşmaqla növbəti qərəzli mövqeyini açıqlayıb. Belə ki, AŞPA və ATƏT PA-nın “siyasi məhbuslar” üzrə məsul şəxsləri bu mövzuda birgə bəyanat yayıblar. Onların bəyanatında Azərbaycanda da “siyasi məhbusların” olduğu iddia edilir. Bəyanatda AXCP sədri Əli Kərimlinin və bir neçə nəfərin də adı var. Əslində, bu iddia cəfəngiyyatdan başqa bir şey deyil. Çünki ölkəmizdə siyasi məhbus yoxdur. Avropadakı məlum qüvvələr ona görə Ə.Kərimlinin adını öz siyahlarında ona görə yazır ki, AXCP sədri onların əlaltısıdır və antiazərbaycançı mərkəzlərin maraqlarını təmsil edir. Ə.Kərimlinin həbsinə gəlincə, konkret ittihamlar və sübutlar var. Onun həbsini siyasiləşdirməyə cəhd göstərən Avropa təsisatları isə heç nəyə nail ola bilməyəcəklər.
Deputat bildirib ki, bu gün Avropadakı islamofobiya, dini dözümsüzlük, müəyyən dairələrin maraqlarının və ambisiyaların həyata keçirilməsi hər kəsə bəllidir. Bir sıra Avropa təsisatlarının üzvləri korrupsiyaya qurşanıb ermənilərə lobbiçilik edərək ikili standartlardan çıxış edirlər. Belə olan halda, onlar kimdənsə nəyisə tələb edə bilməz. Yaxşı olardı ki, onlar öz daxili problemləri ilə məşğul olsunlar.
“AŞPA və ATƏT PA anlamalıdır ki, onun belə qərəzli mövqeyi və qəbul etdiyi bəyanatlar Azərbaycan üçün heç bir önəm daşımır. Çünki müəyyən maliyyə dəstəyi və korrupsiyaya qurşanmaları bu təşkilatın üzvlərini ermənilərə lobbiçilik etməyə sövq edir. Bütün bunlar isə bizim üçün qəbulolunmazdır”,-deyə Samir Vəliyev vurğulayıb.