Tramp və Netanyahu İranla bağlı məsuliyyəti bölüşdürür?

Tramp və Netanyahu İranla bağlı məsuliyyəti bölüşdürür?
13:00

ABŞ-da aralıq seçkilərində Demokratlar Partiyasının Konqresdə üstünlük qazanması Prezident Donald Trampın siyasi mövqelərinə təsir göstərib. İsraildə isə Benyamin Netanyahu parlamentdə yeni siyasi reallıqla üzləşib. Politoloq hesab edir ki, hər iki lider yaranmış vəziyyəti yalnız siyasi məğlubiyyət kimi deyil, həm də gələcək qərarların məsuliyyətini bölüşdürmək imkanı kimi qiymətləndirə bilər. Onun fikrincə, İranla mümkün hərbi qarşıdurma bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Politoloq bu barədə News365.az-a açıqlamasında danışıb.


O bildirib ki, ABŞ-da keçirilən aralıq seçkilərinin nəticələrinə əsasən, Demokratlar Partiyası həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluq əldə edib. Respublikaçılar Partiyasının mövqelərinin zəifləməsi Trampı demokratlarla əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə vadar edib.

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə müsahibəsində seçkilərin nəticələrini qəbul etdiyini və demokratlarla əməkdaşlığa hazır olduğunu bildirib.

“Bu nəticələri tamamilə qəbul etməyə hazıram. Demokratlarla əməkdaşlıq edəcəyik və onlarla işləməyi səbirsizliklə gözləyəcəyik. Yəqin ki, ortaq bir məxrəcə gələrik”, – deyə Tramp vurğulayıb.

Politoloqun sözlərinə görə, İsraildə də parlament seçkilərindən sonra Benyamin Netanyahu oxşar siyasi vəziyyətlə üzləşib. Seçkilərin nəticələri ölkədə müxtəlif siyasi qüvvələrin mövqelərini gücləndirib və hökumətin qərarlarında daha geniş razılaşmaların əhəmiyyətini artırıb.

O qeyd edib ki, Macarıstanda Viktor Orbanın uzunmüddətli hakimiyyətinin sona çatması, Braziliyada Lula da Silvanın Flavio Bolsonaroya qalib gəlməsi və Serbiyada tələbə hərəkatının siyasi qüvvəyə çevrilməsi də beynəlxalq siyasi müstəvidə dəyişikliklərin baş verdiyini göstərir.

Politoloq hesab edir ki, bu proseslər Tramp və Netanyahunun beynəlxalq siyasi müttəfiqlərinin mövqelərinə də təsir göstərir. Bununla belə, məsələyə yalnız iki liderin nüfuz itirməsi prizmasından yanaşmaq düzgün olmazdı.

Tramp İranla bağlı qərarların məsuliyyətini bölüşdürmək istəyir?

Politoloq diqqətə çatdırıb ki, son günlər ABŞ-ın İrana qarşı nüvə silahından istifadə edə biləcəyi ilə bağlı iddialar səsləndirilir. O, Vaşinqtonun birbaşa nüvə silahından istifadə edəcəyini düşünməsə də, ABŞ-ın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyini istisna etmir.

Onun fikrincə, Trampın əsas məqsədi İranı hərbi yolla tamamilə məhv etməkdən daha çox, Tehranın danışıqlar masasında Vaşinqtonun şərtlərini qəbul etməsinə nail olmaqdır.

Politoloq bildirib ki, Trampın demokratlarla əməkdaşlığa hazır olduğunu açıqlaması və Netanyahunun İsraildə yeni siyasi reallıqla üzləşməsi bu baxımdan diqqət çəkir.

“İki liderin nüfuz itirməsi danılmaz faktdır, lakin bu iki şəxs həm də krizi fürsətə çevirməyə çalışır”, – deyə o qeyd edib.

Politoloqun qənaətinə görə, İranla müharibə ABŞ və İsrail üçün yalnız hərbi əməliyyat deyil, həm də uzunmüddətli siyasi, iqtisadi və diplomatik nəticələri olan qərardır. Belə bir qarşıdurma bütövlükdə Qərb dünyasında siyasi böhrana səbəb ola bilər.

O vurğulayıb ki, müharibənin uzanması, enerji bazarlarında ciddi sarsıntıların yaranması, Hörmüz boğazı ətrafında təhlükəsizlik problemlərinin dərinləşməsi və regionda yeni hərbi cəbhələrin açılması ABŞ administrasiyasına qarşı təzyiqləri artıra bilər.

Bu baxımdan, Trampın müharibənin bütün siyasi və iqtisadi məsuliyyətini şəxsən üzərinə götürmək istəməməsi başadüşüləndir.

Politoloq hesab edir ki, demokratların Konqresdə güclənməsi fonunda onların İranla bağlı qərarların müzakirəsinə cəlb edilməsi gələcəkdə mühüm əhəmiyyət daşıya bilər. Əgər hərbi əməliyyatların genişləndirilməsi və ya yeni strateji qərarların qəbulu məsələsində demokratlarla razılaşma əldə olunarsa, sonradan yaranacaq siyasi böhranın məsuliyyətini yalnız Tramp administrasiyasının üzərinə qoymaq çətinləşər.

Netanyahu üçün də siyasi sığorta mexanizmi

Politoloq bildirib ki, İsraildə də vəziyyət fərqli deyil. Onun fikrincə, İranla mümkün müharibənin nəticələri Netanyahu üçün daha həssas məsələdir.

Çünki İsrail cəmiyyətində təhlükəsizlik məsələləri hökumətin legitimliyini müəyyənləşdirən əsas amillərdən biridir. İranla qarşıdurmanın uğursuzluqla nəticələnməsi, İsrailin təhlükəsizlik sistemindəki zəifliklərin üzə çıxması və müharibənin gözləniləndən daha ağır nəticələr doğurması Netanyahunun siyasi karyerasına ciddi zərbə vura bilər.

Politoloqun qənaətinə görə, belə bir vəziyyətdə parlamentdəki siyasi qüvvələrin mühüm qərarlara ortaq edilməsi Netanyahu üçün əlavə siyasi sığorta mexanizmi rolunu oynaya bilər.

Əgər İranla bağlı strateji qərarlar daha geniş siyasi razılaşma çərçivəsində qəbul edilərsə, müharibənin nəticələrinə görə məsuliyyətin yalnız baş nazirin üzərinə qoyulması çətinləşəcək.

Politoloq hesab edir ki, hazırda diqqət yetirilməli əsas məsələ Trampın və Netanyahunun siyasi güclərini itirib-itirməməsi deyil. Əsas məsələ onların yaranmış siyasi vəziyyəti necə idarə edəcəkləri və İranla mümkün böyük qarşıdurmanın siyasi yükünü kiminlə bölüşdürəcəkləridir.

“Çünki müharibəyə başlamaq bir qərardır, onun nəticələrinə görə məsuliyyət daşımaq isə tamamilə başqa məsələdir. Görünən odur ki, Vaşinqton və Təl-Əvivdə ikinci məsələnin hesablamaları aparılır”, – deyə politoloq fikrini yekunlaşdırıb.


Sizin reklam burada
Sizin reklam burada