Ana ilə qız arasında bəzən adi bir sual, geyim seçimi və ya evə qayıtma saatı belə ciddi mübahisəyə səbəb olur. Ana övladını təhlükələrdən qorumaq və yanlış qərarlardan çəkindirmək istəyir, qız isə öz həyatına dair seçimlərdə sərbəst olmağa çalışır. Xüsusilə yeniyetməlik dövründə daha qabarıq görünən bu ziddiyyətlər zamanla tərəflər arasında emosional məsafənin yaranmasına gətirib çıxara bilər. Ən böyük problem isə odur ki, hər iki tərəf bir-birini anlamaq əvəzinə öz mövqeyini qəbul etdirməyə çalışır. Halbuki sağlam ana-qız münasibətinin təməlində qadağalardan çox etimad, nəzarətdən çox qarşılıqlı anlaşma dayanır.
News365.az xəbər verir ki, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov ana ilə qız arasındakı fikir ayrılıqlarının xüsusilə yeniyetməlik illərində artdığını bildirib.
Psixoloqun sözlərinə görə, qız övladı böyüdükcə dost çevrəsi, geyimi, asudə vaxtı və gələcəyi ilə bağlı qərarlarda müstəqil olmaq istəyir. Ana isə öz həyat təcrübəsinə əsaslanaraq onu mümkün təhlükələrdən və səhvlərdən qorumağa çalışır. Lakin valideynin qayğı məqsədilə verdiyi suallar övlad tərəfindən bəzən müdaxilə və etimadsızlıq kimi başa düşülür.
Məsələn, qızının haraya getdiyini və nə vaxt qayıdacağını soruşan ana bunu təhlükəsizliyi üçün edə bilər. Ancaq həmin suallar davamlı şəkildə şübhə və ittihamla səsləndirildikdə övlad özünə güvənilmədiyini düşünə bilər.
Elnur Rüstəmovun fikrincə, ailədaxili münasibətlərə mənfi təsir göstərən amillərdən biri də cəmiyyətin fikrinə həddindən artıq önəm verilməsidir. Xüsusilə qız övladının davranışlarının daim “El nə deyər?” yanaşması ilə qiymətləndirilməsi onun fikirlərini sərbəst ifadə etməsinə mane ola bilər.
Psixoloq hesab edir ki, ailə dəyərləri uşağa qadağalar və başqalarının mühakiməsi üzərindən deyil, izah və şəxsi nümunə vasitəsilə aşılanmalıdır. Bundan başqa, övladın başqa uşaqlarla müqayisə edilməsi, ona kinayəli münasibət göstərilməsi və etibar edərək bölüşdüyü şəxsi məsələlərin sonradan mübahisə zamanı xatırladılması ana-qız arasındakı inamı sarsıdır.
Belə hallar təkrarlananda qız öz problemlərini anası ilə bölüşməkdən çəkinir. Ana isə övladının ondan uzaqlaşdığını hiss edərək nəzarəti daha da artırır. Nəticədə hər iki tərəfin davranışı münasibətlərdəki gərginliyi dərinləşdirir.
Elnur Rüstəmovun qənaətinə görə, bu vəziyyətdən çıxış yolu ilk növbədə valideynin övladını dinləməyi bacarmasından keçir. Uşaq hər hansı problemini bölüşəndə dərhal məsləhət vermək və ya onu qınamaq əvəzinə, yaşadığı hissləri anlamağa çalışmaq lazımdır.
Psixoloq nümunə olaraq valideynin övladından onu ən çox nəyin incitdiyini soruşmasını, yaxud həmin anda sadəcə dinlənilmək, yoxsa problemin həlli üçün birlikdə yol axtarmaq istədiyini öyrənməsini tövsiyə edib.
O bildirib ki, valideyn həm uşağın hisslərinə hörmətlə yanaşa, həm də ailə qaydalarını qoruyub saxlaya bilər. Bunun üçün sərhədlər əvvəlcədən müəyyənləşdirilməli, qaydalar ardıcıl tətbiq olunmalı və övladın yaşına uyğun olmalıdır. Təhlükəsizlik məsələlərində valideynin nəzarəti vacibdir. Ancaq geyim, maraqlar və asudə vaxt kimi gündəlik seçimlərdə uşağa daha çox sərbəstlik verilməsi onun müstəqil qərar qəbul etmə bacarığını inkişaf etdirir.
Psixoloq mübahisədən sonra münasibətləri bərpa etməyin də əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, ana mübahisə zamanı səsini qaldırıbsa, bunu etiraf etməli və övladı ilə yenidən sakit şəkildə danışmağa çalışmalıdır. Valideynin öz səhvini qəbul etməsi uşağa da məsuliyyətli davranmağı öyrədir.
Elnur Rüstəmovun fikrincə, ana ilə qız arasında sağlam münasibətin əsas göstəricisi övladın narahat olduğu məsələləri, hətta anasının onunla razılaşmayacağını bilsə belə, çəkinmədən bölüşə bilməsidir. Çünki uşağın evdə özünü rahat ifadə etməsi ailədə etimadın formalaşdığını göstərir.