Fransa prezidenti Emmanuel Makron və birinci xanım Bricit Makron dövlət televiziyasının efirində ölkə başçısının ünvanına səsləndirilən təhqiramiz ifadələrə görə ciddi narazılıqlarını bildiriblər.
News365.az xəbər verir ki, Fransanın nüfuzlu "Le Point" nəşrinin yaydığı məlumata görə,Yelisey sarayının qəzəbinə bir-birinin ardınca baş verən iki qalmaqallı efir insidenti səbəb olub. İlk hadisə oktyabrın 6-da "France 2" telekanalının yayımı zamanı qeydə alınıb və tamaşaçılara bir neçə saniyə ərzində Fransa prezidentinin əleyhinə təhqiramiz şüar yazılmış plakat nümayiş etdirilib. İkinci insident isə noyabrın 7-də "France Info" kanalının canlı efirində yaşanıb — belə ki, verilişə qoşulan səkkiz yaşlı uşaq bir neçə dəfə Makronun ünvanına ağır söyüşlər işlədib.
Kanal rəhbərliyi həmin azyaşlıya canlı yayımda söz verilməsinin kobud redaksiya səhvi olduğunu etiraf edib. Buna baxmayaraq, Yelisey sarayında yayımçının ilk insidentlə bağlı reaksiyasını qətiyyən yetərli saymayıblar. Nəşr qeyd edir ki, "France Télévisions" media holdinqinin rəhbər müavini baş verənlərə görə Bricit Makrona təəssüfünü bildirsə də,informasiya xidmətinin direktoru Filipp Korbe hələ də rəsmi üzr istəməkdən yayınıb.