ABŞ-də dəhşətli hadisə baş verib. Ata 11 aylıq körpə oğlunu it qəfəsinə yerləşdirərək torpağa basdırıb. Təxminən bir gün torpaq altında qalan körpə möcüzə nəticəsində sağ tapılıb.
News365.az xəbər verir ki, hadisə Cənubi Karolina ştatında qeydə alınıb. Körpənin atası, 25 yaşlı Maykl Komerin törətdiyi əməldən sonra itkin düşən uşağın axtarışına 100-ə yaxın şəxsdən ibarət qrup cəlb edilib.
Axtarışlar zamanı meşəlik ərazidə torpağın altından gələn zəif ağlama səsi diqqət çəkib. Səsin gəldiyi yer qazıldıqda, it qəfəsinin içərisində olan 11 aylıq Koah Şarp aşkarlanıb. Təxminən 24 saat torpaq altında qalan körpə dərhal çıxarılaraq xəstəxanaya çatdırılıb.
İlkin ehtimallara görə, hadisənin uşağın anası ilə yaşanan problemlər və qısqanclıq zəminində törədildiyi bildirilir.
Maykl Komer qətlə cəhd ittihamı ilə saxlanılıb. Hazırda xəstəxanada müalicə alan körpənin vəziyyətinin yaxşılaşdığı qeyd olunur.