Ermənistan Rusiyaya arxa çevirir: Qazın qiyməti artırıla bilər

Ermənistan Rusiyaya arxa çevirir: Qazın qiyməti artırıla bilər
14:10

Cənubi Qafqazda siyasi münasibətlərin yenidən formalaşdığı bir vaxtda Ermənistanla Rusiya arasında uzun illər davam edən müttəfiqlik getdikcə formal xarakter almağa başlayır. İrəvanın Moskvanın rəhbərlik etdiyi hərbi-siyasi platformalardan uzaqlaşması, Qərblə əlaqələrini genişləndirməsi və KTMT-də iştirakını dayandırması iki ölkə arasındakı ziddiyyətləri daha da dərinləşdirir. Ermənistanın son sammitə dəvət edilməməsi isə bu münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. İndi əsas sual Moskvanın İrəvanın bu siyasətinə necə cavab verəcəyi və iqtisadi imkanlarından siyasi təzyiq vasitəsi kimi istifadə edib-etməyəcəyidir.

News365.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə News365.aza açıqlamasında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitinə dəvət olunmamasının diqqətdən kənarda qalmamalı olduğunu bildirib.


Onun fikrincə, Ermənistanın təşkilatın fəaliyyətində iştirak etməməsi və üzvlük haqqını ödəməməsi artıq KTMT daxilində də ciddi müzakirə mövzusuna çevrilib. Politoloq hesab edir ki, Azərbaycanla yekun sülh sazişi imzalandıqdan sonra İrəvan təşkilatdan rəsmən ayrılmaq qərarı verə bilər.

Əsədullazadə Rusiya ilə Ermənistan arasında siyasi qarşıdurmanın dərinləşməsinin iqtisadi müstəviyə də keçə biləcəyini istisna etmir. Onun qənaətinə görə, Moskva ilk növbədə enerji amilindən istifadə edərək Ermənistana təzyiq göstərə bilər. Bu baxımdan Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini artırması mümkün ssenarilərdən biridir.

Politoloq hesab edir ki, təzyiq vasitələri bununla da məhdudlaşmaya bilər. Rusiya Avrasiya İqtisadi İttifaqı çərçivəsində mövcud mexanizmlərdən istifadə etməklə Ermənistanın gömrük güzəştlərinə və digər iqtisadi üstünlüklərinə yenidən baxılması istiqamətində addımlar ata bilər.

Bununla belə, Nikol Paşinyanın Moskva ilə yaranmış gərginlikdən geri çəkilmək niyyətində olmadığı görünür. Ekspertin fikrincə, Ermənistan baş naziri KTMT daxilində ölkəsinin iştirakı olmadan qərarların qəbul edildiyi bir vaxtda belə beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Onun Avropa platformalarında fəallığı da İrəvanın xarici siyasət istiqamətini dəyişmək niyyətindən xəbər verir.

Politoloq vurğulayıb ki, Paşinyanın əsas hədəfi Ermənistanın Rusiyadan siyasi və iqtisadi asılılığını minimuma endirməkdir. Bu strategiya yalnız xarici siyasətlə məhdudlaşmır. Baş nazirin ölkə daxilində də Rusiyanın təsir imkanlarını zəiflətməyə çalışdığı bildirilir. Buraya siyasi hakimiyyət, müxalifət və hərbi strukturlar üzərində Moskvanın nüfuzunun azaldılması da daxildir.

Əsədullazadənin qənaətinə görə, Ermənistan daxilində Rusiyadan daha müstəqil siyasət yürüdülməsini dəstəkləyən qüvvələrin mövqelərinin güclənməsi də bu prosesə təsir göstərə bilər.

Qeyd edək ki, Ermənistan uzun illər Rusiyanın Cənubi Qafqazdakı əsas siyasi və hərbi müttəfiqlərindən biri olub. Lakin son dövrdə İrəvanın xarici siyasətində müşahidə olunan dəyişikliklər Moskvanın regiondakı mövqelərinə də təsirsiz ötüşmür. Politoloq hesab edir ki, bu tendensiya davam edərsə, iki ölkə arasında siyasi fikir ayrılıqları daha ciddi iqtisadi qarşıdurmaya çevrilə bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada