Göy məsciddə Çarentsin adı: İranın bu addımı nə deməkdir?

Göy məsciddə Çarentsin adı: İranın bu addımı nə deməkdir?
14:30

İranın Ermənistanla münasibətlərində dini və tarixi məkanlar üzərindən atdığı addımlar regionda yeni müzakirələrə yol açıb. Xüsusilə İrəvandakı Göy məsciddə erməni şairi Yeqişe Çarentsin adının əbədiləşdirilməsi ilə bağlı keçirilən mərasim Tehranın Cənubi Qafqaz siyasəti baxımından diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir. İran rəsmisinin bu tədbirdə iştirakı isə siyasi müstəvidə birmənalı qarşılanmayıb.

News365.az xəbər verir ki, politoloq Turan Rzayev məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O xatırladıb ki, İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi noyabrın 8-dən 10-dək Ermənistanda səfərdə olub. Səfər çərçivəsində o, İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi münasibətilə təşkil olunan tədbirdə iştirak edib.

Həmçinin şairin adının əks olunduğu xatirə lövhəsinin açılış mərasimində iştirak edən vitse-prezidentin gələcəkdə həmin zalda Çarentsin büstünün yerləşdirilməsi planı ilə bağlı tədbirdə də yer aldığı bildirilib.

Turan Rzayev İran rəsmisinin bu addımını Tehranın siyasi riyakarlığı kimi qiymətləndirib. Politoloqun fikrincə, İranın bu cür davranışları yeni deyil və rəsmi Tehranın siyasətində belə yanaşmalarla əvvəllər də qarşılaşmaq mümkün olub.

O hesab edir ki, baş verənlərə yalnız mədəni tədbir və ya diplomatik səfərin tərkib hissəsi kimi yanaşmaq düzgün olmazdı. Xüsusilə regionda dəyişən siyasi şərtlər fonunda İranın bu addımının hansı mesajı verdiyi daha geniş təhlil edilməlidir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada