“Bu qaydanı bilmədən ixtisas seçməyin”

“Bu qaydanı bilmədən ixtisas seçməyin”
14:41

“İxtisas seçimi zamanı abituriyentlərin ən vacib bilməli olduğu məqamlardan biri müsabiqənin bal əsasında aparılmasıdır”.

News365.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib

Onun sözlərinə görə, abituriyent istədiyi ixtisası ərizəsində qeyd edibsə, ondan aşağı bal toplayan heç bir namizəd həmin ixtisasa qəbul oluna bilməz.

“İstədiyiniz ixtisasa sizdən daha yüksək nəticə göstərən şəxslər qəbul oluna bilər və ola bilsin ki, həmin ixtisasda sizə yer çatmasın. Amma sizdən aşağı nəticə göstərən heç bir şəxs, əgər siz həmin ixtisası ərizənizdə qeyd etmisinizsə, ora qəbul oluna bilməz. Bu, əsas prinsiplərdən biridir və bunu fakt kimi qəbul etmək lazımdır”.

DİM sədri qeyd edib ki, burada ixtisasın ərizədə hansı sırada yazılmasının fərqi yoxdur:

“Fərqi yoxdur, həmin ixtisası birinci, yoxsa beşinci yerdə qeyd etmisiniz. Siz həmin ixtisas üzrə öz balınızla müsabiqədə iştirak edirsiniz. Əgər sizdən aşağı nəticə göstərən şəxs varsa, o, sizin seçdiyiniz ixtisasa qəbul oluna bilməz”.

Məleykə Abbaszadə keçid balının necə formalaşdığını da izah edib:

“Keçid balı həmin ixtisasa qəbul olunan sonuncu abituriyentin balı əsasında formalaşır. Yəni siyahıda sonuncu qəbul olunan şəxsin balı həmin ilin keçid balı hesab edilir”.

O vurğulayıb ki, əvvəlki illərin keçid balları ixtisas seçimi zamanı yalnız istiqamətverici məlumat kimi qiymətləndirilməlidir:

“Əlimizdə əvvəlki ilin keçid balları var və ixtisas seçimi zamanı onlardan müəyyən məlumat kimi istifadə edə bilərik. Ancaq builki müsabiqə vəziyyətini ayrıca təhlil etmək lazımdır. Yalnız bundan sonra keçid balları ilə bağlı proqnoz vermək mümkündür. Bu il bəzi ixtisas qruplarında keçid balları arta, bəzi ixtisaslarda isə aşağı düşə bilər”.


Sizin reklam burada
Sizin reklam burada