Fransada anomal isti yayın vurduğu zərərin 10-15 milyard avro təşkil etdiyi təxmin edilir.
News365.az xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.
Fransanın ekoloji keçid naziri Monik Barbyunun sözlərinə görə, ölkədə tarixən isti keçən yayın iqtisadi zərəri Fransanın ümumi daxili məhsulunun (ÜDM) 0,5 faizinə bərabər ola bilər.
Barbyu bu rəqəmin ilkin qiymətləndirmə olduğunu və ona “böyük ehtiyatla” yanaşmağın lazım gəldiyini bildirib. Onun sözlərinə görə, Fransanın bir çox bölgəsində temperatur hələ də iqlim normasından yüksək olduğundan, zərərin məbləği arta bilər.
Nazir meşə yanğınları və kənd təsərrüfatı istehsalının azalmasını əsas ehtimal olunan itkilər kimi göstərib. O xəbərdarlıq edib ki, hökumətlər iqlim dəyişikliyinin nəticələrini məhdudlaşdırmaq üçün tədbirlər görməsələr, bu itkilər gələcəkdə də artacaq.
Avqustun 13-də Euractiv portalı Avropa İttifaqı ərazisinin 38 faizində quraqlıq müşahidə olunduğunu yazıb. Portalın məlumatına görə, quraqlıq Aİ ölkələrində heyvandarlıq sektoruna ciddi təsir göstərir. Fermerlər qurumuş otlaqlar və yem bitkilərinin zədələnməsi səbəbindən qış üçün saxlanılan yem ehtiyatlarından istifadə etməyə məcbur qalırlar.