Uzun Həsən kim idi?

Uzun Həsən kim idi?
09:55
AzTV-nin çəkdiyi Uzun Həsən haqda sənədli filmə baxdım (https://www.youtube.com/watch?v=-u0epoNK0Rk). Süni intellektlə çəkildiyini nəzərə alsaq məqbul hesab etmək olar. Belə getsə, aktyor peşəsi tam sıradan çıxacaq. Elə süni intellektlə istənilən filmi çəkmək olacaq.
Filmi türk peşəkarları (rejissor və prodüser) çəkib. Yəqin elə buna görə də Uzun Həsəni zahirən Türkiyənin “Möhətəşəm Yüzil” serialındakı Sultan Süleymana oxşadıblar. Halbuki, Uzun Həsənin məşhur portretinə (sağda buraxdığımız markadakı əksinə baxın) heç oxşamır.
Lakin Uzun Həsənin zahiri görünüşündən daha böyük problem var. Film çağdaş baxış bucağından çəkilib və buna görə də tarixi aşkar təhrif edir. Filmdə Uzun Həsən Azərbaycan hökmdarı kimi təqdim edilir. Halbuki, onun rəsmi titulu “Padişahi-İran” olub. Bu, qədim İran hökmdarlarının titulu idi və Ağqoyunlulardan sonra Səfəvilər və digər İran sülalələri də ona sadiq idilər.
Filmə görə Uzun Həsən guya özünü türk kimi eyniləşdirib. Halbuki, Orta Əsrlərdə etnik eyniləşdirmə mövcud olmayıb. Əsas meyar din və tayfa olub. Uzun Həsən də özünü sünnü müsəlman hesab edərək Bayandur nəslinə aid edib. Qızılbaşlar tayfasından olan Oruc bəy Bayat XVII əsrdə nəşr etdiyi kitabında hətta yazırdı ki, “Uzun Həsən qan bağına görə sultan kimi türk idi, lakin fəxr edirdi ki, əsl farsdır, yəni osmanlı sultanı kimi Asiya türkü deyil”.
Zatən filmdə də etiraf olunur ki, Uzun Həsən əsasən elə türk əsilli hökmdarlarla savaşırdı: Osmanlılarla və Teymurilərlə. Və bu əsnada Avropa hökmdarlarından dəstək alırdı. Bir sözlə, nə mömin kimi mömin idi, nə də türkçü-filan. Əks halda, din qardaşları və soydaşlarına qarşı xristian dəstəyindən yararlanmazdı. Yəni tipik prqamatik Orta Əsr hökmdarı idi və feodal ara müharibələrindən başı açılmırdı. Dövlət də əsasən heç bir dəyərə söylənmirdi. Hərbi konfederasiya idi.
Uzun Həsənin yeganə tarixi nailiyyəti odur ki, o, hərbi tayfa konfederasiyasını qismən mərkəzləşdirdi və onun varisi olan Səfəvilər artıq tam dövlət yarada bildilər. Səfəvilər İran taxtına hamıdan çox sahib ola bildilər. O cümlədən ona görə ki, özlərini Uzun Həsən kimi köçəri hərbi tayfa başçısı kimi deyil, Peyğəmbər nəslinin nümayəndəsi kimi təqdim edə bildilər və legitimlik qazandılar. Səfəvilərin türk və ya kürd olması mübahisəlidir, amma onların ən azı formal olaraq özlərinin kökünü ərəb kimi təqdim etmələri danılmazdır. Səfəvilər ona görə sabit imperiya qura bildilər ki, hansısa etnosa və ya tayfaya deyil, ideyaya (şiəlik), dəyərlərə söykənirdilər. Uzun Həsən isə körpü rolunu oynamış müvəqqəti fenomen idi...
Əkrəm Həsənov, News365.az

Sizin reklam burada
Sizin reklam burada