Vaşinqton görüşü regionda nəyi dəyişdi? – Deputatdan açıqlama

Vaşinqton görüşü regionda nəyi dəyişdi? – Deputatdan açıqlama
13:34

2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin ABŞ-də paraflanması Cənubi Qafqazda uzun illər davam edən münaqişənin başa çatması istiqamətində tarixi hadisə kimi qiymətləndirilir. Bu proses həm regionda yeni siyasi reallığın möhkəmlənməsinə, həm də kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanların yaranmasına səbəb olub.

Milli Məclisin deputatı Arzu Nağıyev Vaşinqton görüşünün ildönümü ilə bağlı News365.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycanın əldə etdiyi siyasi qələbənin beynəlxalq səviyyədə sənədləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


“Prezident İlham Əliyevin 2025-ci ildə Amerika Birləşmiş Ştatlarına səfəri və Ermənistanla sülh sazişinin paraflanması Cənubi Qafqazda münaqişəyə son qoyan tarixi hadisə kimi dəyərləndirilməlidir. Bu səfər Azərbaycanın qələbəsini beynəlxalq səviyyədə sənədləşdirdi, rəsmiləşdirdi. Eyni zamanda, ABŞ ilə strateji tərəfdaşlığın əhəmiyyətli mərhələsinin əsasını qoydu və regionda kommunikasiyaların, nəqliyyat xətlərinin açılmasına yol açdı”, - deyə deputat qeyd edib.

A.Nağıyev bildirib ki, Vaşinqton sammitinin əsas nəticələrindən biri Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəkləndiyini nümayiş etdirməsidir.

“Tarixi səfərin əhəmiyyəti və nəticələrinin əsas istiqamətlərindən biri ondan ibarətdir ki, Vaşinqton sammiti Azərbaycanın sülh təşəbbüslərini bütün dünyaya yaydı və bu təşəbbüslərin qlobal səviyyədə dəstəkləndiyini göstərdi. Burada strateji əməkdaşlıqdan da söhbət gedir. Əsasən, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq xəritəsinin yaranması üçün memorandum imzalandı”, - deyə o vurğulayıb.

Deputatın sözlərinə görə, görüş çərçivəsində iqtisadi və nəqliyyat məsələləri ilə yanaşı, ikitərəfli və qlobal əhəmiyyətli mövzular da müzakirə olunub.

“Burada hər bir dövlət iqtisadi dividendlər qazandı. İkitərəfli və qlobal mövzuların həlli, o cümlədən yeni nəqliyyat dəhlizləri müzakirə edildi. Sülh siyasətinin praktik nəticələri isə ondan ibarət oldu ki, siyasi qələbənin siyasi təsdiqi baş verdi. Azərbaycan güc amili ilə yaratdığı yeni reallığı diplomatiya müstəvisində uğurla başa çatdırdı və daşıdı”, - deyə A.Nağıyev bildirib.

O qeyd edib ki, kommunikasiyaların açılması ilə bağlı da mühüm razılaşmalar əldə olunub:

“Xarici işlər nazirləri bu məsələni razılaşdırdı və parafladı. Kommunikasiyaların açılması ilə bağlı Naxçıvanla əlaqəni təmin edən nəqliyyat marşrutları, tranzit marşrutu qəbul edildi. Bunun regiona və tərəflərə gətirəcəyi üstünlüklərin davamlı olması, 30 illik düşmənçiliyin sona çatması və sabitliyin yaranması çox mühüm amillərdir”.

Arzu Nağıyev hesab edir ki, əldə olunan razılaşmalar Cənubi Qafqazın nəqliyyat və ticarət mərkəzinə çevrilməsi istiqamətində də mühüm imkanlar yaradır.

“Bütün Cənubi Qafqazın nəqliyyat və ticarət mərkəzinə çevrilməsi istiqamətində ciddi addımlar atıldı və bu proses davam etməkdədir. Ermənistanın məhz sivil və təhlükəsiz kommunikasiya xətlərindən iqtisadi fayda əldə etmək şansı yarandı”, - deyə deputat bildirib.

Deputat vurğulayıb ki, Vaşinqton görüşünün əhəmiyyəti artıq Ermənistan tərəfindən də yüksək qiymətləndirilir.

“Bu, o qədər mühüm bir görüş, mühüm bir məsələ idi ki, bu gün artıq hətta Ermənistan rəhbərliyi bu günü bayram kimi qəbul edərək həm Azərbaycan xalqını, eyni zamanda Ermənistan xalqını təbrik edir”, - deyə o qeyd edib.

A.Nağıyev bildirib ki, 2025-ci ilin avqustunda əsası qoyulan proses müharibədən sonrakı dövrdə sülhün bərqərar olması istiqamətində atılan addımların əsasını təşkil edir.

“Bir sözlə, 2025-ci ilin avqustunda təməli qoyulmuş və müharibədən sonrakı dövrdə sülhün bərqərar olması istiqamətində atılan addımlar məhz həmin tarixlə bağlıdır. Artıq Azərbaycanın humanitar sahədə atdığı addımlar, bununla bağlı digər istiqamətlər, keçirilən görüşlər – istər cəmiyyət nümayəndələrinin görüşməsi, istərsə də siyasi rəhbərliklərin görüşləri – çox mühüm əhəmiyyət kəsb edir”.

Deputat sonda bildirib ki, Vaşinqton görüşü Azərbaycanın tarixində mühüm siyasi hadisə kimi qalacaq:

“Düşünürəm ki, həmin gün tarixdə Azərbaycanın zəfəri, qələbəsi kimi yazılacaqdır”.


Sizin reklam burada
Sizin reklam burada