“Qarayara xəstəliyinin törədicisi onilliklərlə torpaqda yaşaya bilir və çox davamlı bir mikroorqanizmdir”.
News365.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Samuxda qarayara xəstəliyinin qeydə alınması ilə bağlı zəruri epidemioloji tədbirlərdən danışarkən bildirib.
Onun sözlərinə görə, qarayara xəstəliyinə bütün ölkələrdə rast gəlinir: “Bizdə də insanların da torpaq vasitəsilə qarayara xəstəliyinə yoluxması mümkündür. Eyni zamanda, heyvanlar da daha çox torpaqdan xəstəliyə yoluxa bilirlər. İndiki aylarda bu daha çox riskli hesab olunur. Çünki hazırda quraqlıqla əlaqədar ot örtüyünün zəifləməsi, seyrəlməsi nəticəsində heyvanlar otlayarkən ağız boşluğunun torpaqla təması artır ki, burada da yoluxma riski yaranır”.
Qalib Əbdüləliyev deyib ki, qarayara xəstəliyinə yoluxma halı emal edilməmiş heyvan mənşəli məhsullar, xüsusən ət vasitəsilə baş verir: “Yoluxmanın ilkin əlamətləri kimi yoluxma sahəsində dərinin tamamilə pozulmuş hissələrində xüsusi formada yaranan yaraların əmələ gəlməsi, getdikcə temperaturun qalxması, ağrının şiddətlənməsi, yaranın böyüməsi kimi simptomlar baş verir. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. Qarayara xəstəliyinə yoluxma çiy ət məhsulları vasitəsilə baş verir. Çiy ət hazırlanarkən, doğranarkən, eyni zamanda, heyvanın dərisi və s. orqanları da xəstəliyə yoluxmaya səbəb ola bilər”.
O qeyd edib ki, hazırda fəaliyyət göstərən heyvan kəsim məntəqələrində ciddi şəkildə baytarlıq nəzarəti aparılır: “Burada qarayaraya yoluxmuş heyvanın kəsimə göndərilməsi mümkün deyil. Çünki heyvanlar qabaqcadan həm klinik müayinədən keçir, həm də müayinə olunduqdan sonra da həkim nəzarəti ilə onun kəsimi aparılır. Qarayaraya yoluxmuş heyvanın qanı laxtalanmır, qan damcı-damcı axır. Ət çox qansızlaşdığı üçün ət tünd olmur. Profilaktik tədbirlər baxımından qarayara profilaktikası dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərin siyahısındadır. Ona görə də peyvəndləmə tədbirləri dövlət büdcəsi vəsaiti hesabına Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilir. Vətəndaşlarımıza tövsiyəmiz ondan ibarətdir ki, təsərrüfatın həcmindən asılı olmayaraq, ailə təsərrüfatı, iri təsərrüfat və s. heyvanlarının qarayaraya qarşı peyvənd olunmasına şərait yaratsınlar, köməklik göstərsinlər. İl ərzində bir dəfə heyvanların qarayara xəstəliyinə qarşı peyvənd olunmasını mütləq izləsinlər. Qarayara xəstəliyinin vaksini çox etibarlı peyvənd vasitəsidir. Heyvan peyvənd olunduqdan sonra bir il müddətində immunitet saxlanılır. Xəstəliyə şübhəli hal olduqda Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumlarına, Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinə, onun mərkəzi aparatına və Agentliyə “1003” qaynar xətt vasitəsilə müraciət edə bilərlər”.