Müasir Azərbaycan və Türk Birliyi üçün uyğun olan yol balanslı yanaşma və tarixi obyektivlikdir- Tural İrfan yazır

Müasir Azərbaycan və Türk Birliyi üçün uyğun olan yol balanslı yanaşma və tarixi obyektivlikdir- Tural İrfan yazır
09:55

Tarixdən və tarixi şəxsiyyətlərdən örnək götürəndə, nümunə gətirəndə, yolunu izləyəndə bu günümüz üçün xarakterik, birləşdirici, barışdırıcı, milli düşüncəmizə uyğun olan, həmrəyliyə, dövlətçiliyimizə xidmət edən nüansları götürməliyik.

Füzulinin yazdığı qəzəllərdə fars-ərəb sözlərinin çox işlənməsi o dövrün ədəbiyyat ənənələrinə uyğun idi. Bu o demək deyil ki, Füzulini sevdiyini, yolunu davam etdiyini sübut etmək üçün indi də şairlər qəzəllərində artıq arxaikləşmiş həmin ərəb və fars sözlərini mütləq istifadə etməlidirlər. Bizə kor-koranə konservatizm lazımdırmı? 

Bəsit və kor-koranə təqlidçilikdən çıxmaq, orta əsrlərin tayfaçılıq, məzhəbçilik, əyalətçilik ənənəsindən qurtulmaq, millət kimi formalaşmaq üçün çağdaş tələblərə, qarşıdakı üfüqlərə baxmaq lazımdır. Bölücü təhdidlərdən, hibrid savaşların gətirdiyi ziyanlardan qorunmaq yolları üzərində çalışmaq gərək... 

Nəsimi şair kimi şairimiz, istedadlı klassiklərimizdəndir. Şeir nümunələri ədəbiyyatımızı zənginləşdirə bilər. Amma onun  Hürifilik təriqətini dirçəldib yenidən meydana gətirmək nə dərəcədə lazımdır? Bizə yeni təriqəçilikmi lazımdır? 

Səfəvilərin mədəni irsində əgər bu gün üçün faydalı nəsnələr varsa yaşada bilərik. Tutaq ki, Şah İsmayılın (mötədil İslamı təhrifedici, "vilayəti - təkvini" kimi qeyri ənənəvi inanclara əsaslananlar istisna olmaqla) şeirləri, digər ədəbiyyat nümunələri, dilimiz və ədəbiyyat tariximiz üçün lazımlı ola bilər. Amma Səfəvilərin xüsusən Livan və İraq ruhanilərinin proqramı və fars şüubiyyəsinin doktrinası əsasında qurduğu məzhəbçi - teokratik ideoloji sistemi dirçəltmək bizim hüquqi, dünyəvi dövlətimiz üçün zərərlidir. Biz sekulyar dövlətik. Eyni zamanda bu ideologiya hər şeydən öncə məzhəb ayrıseçkiliyinə xidmət edib rəvac verdiyi üçün Türk Dövlətləri Təşkilatı istiqamətində Turan məfkurəsi ilə daban-dabana ziddir.

Səfəvilərin ərazi genişlətmək siyasətini davam etdirməyi lazım bilənlər hətta o dövrün müəyyən kəsimlərində bu imperiyanın tərkibində olmuş indiki Türkiyə ərazilərinə də torpaq iddiası irəli sürmüş olurlar. Məgər biz Səfəvilər kimi İraqı, Bəhreyn və Küveyti, Farsistanı, Gürcüstanın şərqini və Rusiyanın cənubunu tutmaqmı istəyirik? Üstəlik də bu dövləti həmin coğrafiyanın xalqları da ortaq dövlətləri hesab edə bilərlər. Əgər daha çox ərazi tutmuş şaha pərəstiş etməliyiksə bu pərəstişə "Şərqin Napoleonu", Hindistana qədər torpaqları genişlətmiş, soyu və kökü mübahisəsiz türk olan, qədim türk gələnəklərinə uyğun olaraq hakimiyyətə qurultayla gəlmiş Nadir Şah daha layiq deyilmi? Ümumiyyətlə bizə şahpərəstlik, məzhəbçilikmi lazımdır? Yaxud məzhəbçiliyi dövlət ideologiyasına çevirmiş şahların bu irsini İranın ali dini liderinin müşaviri və ordu komandiri Yahya Rəhim Səfəvinin çağırışlarına uyğun olaraq qatı təəssübkeşlik hissləri ilə dirçəltməkmi lazımdır? Bu indi kim üçün faydalıdır? Yoxsa şah obrazı altında pərdələnib dolayı yolla Yəhya Rəhim Səfəvinin tesizlərinə və mənsub olduğu teokratik rejimin tələblərinə, subliminal çağırışlarına cavab vermək, həmrəylik nümayiş etdirməkmi lazımdır?

Niyə tezisləri, çağırışları biz seçmirik, molla rejiminin ideoloqları, siyasiləri seçir? Turan birliyinə, məzhəbçiliyi dövlət ideologiyası seçmiş, ən əsası isə teokratik sistem qurmuş şəxsləri sələf seçməklə getmək olarmı? Tarix tarixdə qalıb. Tarixə tarix kimi yanaşmaq lazımdır, Quran kimi deyil. Səfəvilərə Quran kimi, şahlara da peyğəmbər kimi yanaşsaq gərək hər şeydən əvvəl onların məzhəbçi ideologiyasını mənimsəyək və o dövrkü hadisələri bu günə daşıyaq. Nəticədə də türk, İslam birliyindən çıxıb yeni Çaldıran savaşlarına hazırlaşaq. Yox, əgər tarixə tarix kimi yanaşsaq, faydalı işlərdən bəhrələnib zərərli işlərdən də ibrət ala bilərik. 

Bir neçə il öncə özünü Azərbaycanlı kimliyi ilə sırıyan Ərdəbilin Livan əsilli baş mollası camaatı başına yığıb Türkiyə və Azərbaycanın ölkə rəhbərliyinin əleyhinə propaqanda apararkən Səfəviləri və xüsusilə Çaldıran savaşını təhrikedici üsulda gündəmə daşıyırdı. Yəni, bununla Azərbaycanla Türkiyə arasında nifaq salmağa cəhd edirdi. Bəli, biz də həmin savaşı xatırlaya bilərik. Amma Amuli kimi qəzəb, intiqam və ədavət hissləri oyatmaq məqsədi ilə deyil, tarixdən nəticə çıxarıb bir daha o kimi halların baş verməməsi üçün, rasional düşünüb gələcəyimiz üçün praqmatik qərarlar qəbul etmək naminə...

2012-ci ildə Bəşşar əl Əsəd Türkiyə və cənab Ərdoğan əleyhinə tənqidi fikirlərini səsləndirərkən "Əgər o Sultan Səlimdirsə mən də Şah İsmayılam" deyirdi. Səfəviləri molla rejimi türk dünyasında bölücülük amili kimi, məzhəbçi ideologiyalarını da islam dünyasında bölücülük amili kimi istifadə edir.

Tənqidə, müzakirələrə, fərqli fikirlərə də məzhəb təəssübü etmədən, təqlidçilikdən uzaq, emossiyasız, obyektiv yanaşmaq lazımdır. 

Bizə öz dövlətimizin suverenliyini, sərhədlərini qorumaq, hüquqi, dünyəvi, demokratik sistemi yaşatmaq gərəkdir. Tarixi prosesləri təkrar etmək yox, ibrət götürmək lazımdır. Azərbaycan Respublikası 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 

Bu gün müasir Azərbaycan dövlətçiliyi və Türk Dövlətləri Birliyi üçün ənənəvi Səfəvi müdafiəçiliyi və ya birtərəfli mədhiyyəçiliyi, məzhəbçi-ideoloji elementlərinin gizli və açıq təbliğatı təhlükəlidir. Tarixdəki teokratik, məzhəbçi rejimlərin bu gün dövlət modeli kimi qəbul olunmasını fərqli mövzular adı altında təbliğ etmək yalnız "kərimə dövləti" xülyasında olanlara və onların dirijorlarına xidmət edə bilər. Milli türk ruhundan, törə, ozan, dədə, deyim, öyüd ənənəsindən fars məzhəbçiliyi ideallarının yaratdığı radikal, mövhumatçı, bölücü, mühafizəkar, xurafi xüsusiyyətlərə keçmək tarixən də zərər verib indi zərərlidir. Bu yöndəki tənqidi yanaşmalar ortaq türk tarixi travmalarını anlamaq və dini-siyasi fanatizmdən uzaq, sekulyar milli kimlik formalaşdırmaq baxımından faydalıdır.  Səfəvilərin Osmanlı ilə qanlı savaşlarını və məzhəb ayrı-seçkiliyini tənqidsiz müdafiə etmək, hər ikisinin dini-siyasi məzhəbçi teokratik dövlət ideologiyasını təqlidçiliyə yönəlmək bu gün Türk Dövlətləri Təşkilatı daxilində qardaş türk xalqları arasındakı birlik ruhuna ziddir. Müasir Azərbaycan və Türk Birliyi üçün uyğun olan yol balanslı yanaşma və tarixi obyektivlikdir. Orta əsr hadisələrini o dövrün sərt reallıqları ilə qiymətləndirmək, onu bu günə tətbiq edib düşmənçilik yaratmamaq lazımdır. İdeologiyanın din və ya məzhəb üzərində deyil, cümhuriyyətçilik, modern türk milliyyətçiliyi və inteqrasiyası üzərində qurulması lazımdır. Səfəvilərin irançı-məzhəbçilik kontekstində Azərbaycanı Türk dünyasından ayırmasını obyektiv dəyərləndirmək, o zərərli ideologiyanı yenidən tətbiq etməmək, onların səhvlərindən, məzhəb qarşıdurmalarından nəticə çıxararaq Türkiyə və digər Türk dövlətləri ilə müttəfiqliyi hər şeydən üstün tutmaq vacibdir.

Tural İrfan, MCP sədrinin müavini, politoloq


Sizin reklam burada
Sizin reklam burada