İnsan ömründə elə sərvətlər var ki, onları nə bankda saxlamaq mümkündür, nə də bazarda almaq. Onlar nə daşdan tikilir, nə də pulla ölçülür. Onlar insanların düşüncəsində, vicdanında, yaddaşında və mənəviyyatında yaşayır. Bir xalqın əsl gücü də məhz burada gizlənir. Çünki silah sərhədi qoruyur, iqtisadiyyat rifah yaradır, amma düşüncə milləti yaşadır. Müasir dövrdə insanların diqqəti çox vaxt zahiri uğurlara yönəlir. Kim daha çox qazandı, kim daha məşhur oldu, kim daha çox izləyici topladı – bunlar gündəmin əsas mövzularına çevrilib. Halbuki cəmiyyəti irəli aparan görünən insanlar deyil, görünməyən zəhmətin sahibləridir. Gecəsini kitablarla keçirən alim, ömrünü səhnəyə və sənətə həsr edən yaradıcı insan, milli yaddaşı qoruyan qələm sahibi və insan düşüncəsini inkişaf etdirən ziyalılar səssiz şəkildə gələcəyi inşa edirlər. Maraqlıdır ki, psixoloqlar uzun illər aparılan müşahidələr nəticəsində belə bir qənaətə gəliblər ki, cəmiyyət hansı insanları qəhrəmanlaşdırırsa, gələcək nəsil də həmin insanlara bənzəməyə çalışır. Uşaq və yeniyetmələr yalnız valideynlərindən deyil, cəmiyyətin təqdim etdiyi nümunələrdən də öyrənirlər. Əgər zirvədə bilik, vicdan və yaradıcılıq dayanırsa, gənclər də həmin zirvəyə can atırlar. Əgər şöhrət zəhməti üstələyirsə, cəmiyyət tədricən dərinliyini itirməyə başlayır. Məşhur psixoloq Abraham Maslow insan ehtiyaclarını araşdırarkən göstərirdi ki, insan yalnız çörəklə yaşamır. Onun özünü dərk etməyə, yaratmağa, öyrənməyə və mənəvi kamilliyə ehtiyacı var. Bu ehtiyac ödənilməyəndə maddi imkanlar artsa belə, daxildə boşluq yaranır. Elə buna görə də dünyanın ən zəngin ölkələrinin bir qismində depressiya, tənhalıq və mənəvi böhran yüksək səviyyədədir. Maddi rifah insanı rahat yaşada bilər, lakin mənəvi zənginlik ona həyatın mənasını qazandırır. Tarixə nəzər saldıqda diqqətçəkən bir həqiqət ortaya çıxır. Qədim Yunanıstanda Sokratın ölüm hökmünə məhkum edilməsi həmin dövrün ən böyük səhvlərindən biri hesab edilir. O zaman bir çox insan onun dəyərini anlamadı. Lakin əsrlər keçdi, Sokratı mühakimə edən hakimlərin adları unuduldu, Sokratın adı isə dünya fəlsəfəsinin simvoluna çevrildi. Tarix bununla insanlığa bir həqiqəti öyrətdi: zaman çox şeyi dəyişir, amma həqiqi dəyər heç vaxt itib getmir. Bəşər tarixində böyük sərkərdələr, varlı tacirlər və hakimlər gəlib keçiblər. Onların çoxunun sarayları dağılıb, sərvətləri itib, adları isə tarix kitablarının kiçik sətirlərində qalıb. Amma düşüncə yaradan insanların təsiri əsrlərlə yaşayır. Çünki fikir qılıncdan daha uzunömürlüdür. Bir kitab bəzən minlərlə ordunun edə bilmədiyini edə bilir. Bir fikir bəzən sərhədləri dəyişmədən insanların dünyagörüşünü dəyişir. Ən böyük imperiyalar belə daxildən çürüməyə başlayanda əvvəlcə elmə, kitaba və düşüncəyə münasibət dəyişmişdir. Roma imperiyasının son dövrlərində əyləncə həyatının həddindən artıq ön plana çıxması, ictimai məsuliyyət hissinin zəifləməsi tarixçilərin xüsusi qeyd etdiyi amillərdəndir. Tarix bizə göstərir ki, mədəniyyət zəifləyəndə dövlət də zəifləməyə başlayır. İbn Xəldun yazırdı ki, dövlətlərin ömrü təkcə iqtisadi güclə ölçülmür. Onların yaşaması mənəvi həmrəylikdən, elmə münasibətdən və ictimai əxlaqdan asılıdır. Bu fikir bu gün də aktuallığını qoruyur. Çünki insan kapitalı zəifləyən millətin iqtisadiyyatı da uzun müddət güclü qala bilməz. İslam dinində elm və hikmət bəşəriyyətin ən böyük nemətlərindən hesab olunur. Qurani-Kərimdə belə buyurulur: "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?" (Zumər surəsi, 9-cu ayə). Bu ayə təkcə elm öyrənməyi deyil, biliyə hörmət etməyi də insanın mənəvi vəzifəsi kimi təqdim edir. İslam tarixində ilk nazil olan vəhyin "Oxu!" əmri ilə başlaması təsadüfi deyildi. Çünki cəhaləti aradan qaldırmağın yeganə yolu elm idi. Məhəmməd Peyğəmbər (s.a.s) buyurub: "Alimin mürəkkəbi şəhidin qanından daha qiymətlidir" hədisi də elmin və düşüncənin insanlıq üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərən mənəvi mesajlardan biri kimi qəbul edilir. Maraqlı tarixi faktlardan biri də budur ki, müsəlman Şərqində fəaliyyət göstərən qədim kitabxanalar və elm mərkəzləri dünyanın müxtəlif ölkələrindən gələn alimləri bir araya gətirirdi. Bağdaddakı "Beytül-Hikmə"də müxtəlif dillərdən yüzlərlə əsər tərcümə olunur, astronomiya, tibb, riyaziyyat və fəlsəfə inkişaf etdirilirdi. Bu elm mühiti sonradan Avropada intibah dövrünə təsir göstərən əsas mənbələrdən biri oldu. Psixologiyada "rol modeli" anlayışı var. İnsan şüuru daim kimisə təqlid edir. Əgər cəmiyyətin idealı bilik sahibi, yüksək mədəniyyətli və vicdanlı insan olarsa, yeni nəsil də həmin keyfiyyətləri mənimsəyər. Əksinə, dəyər meyarları dəyişəndə insanlar da istiqamətlərini itirirlər. Cəmiyyətin gələcəyini məktəblər qədər onun örnək seçdiyi insanlar da müəyyən edir. İnsan yalnız yaşayan varlıq deyil, həm də mənalar yaradan varlıqdır. Aristotel insanı "düşünən canlı", Konfutsi isə "əxlaqla kamilləşən varlıq" adlandırırdı. Deməli, insanın böyüklüyü sahib olduqları ilə deyil, cəmiyyətə bəxş etdikləri ilə ölçülür. Həqiqi böyüklük özündən sonra bina deyil, fikir qoymaqdır; sərvət deyil, mənəvi irs qoymaqdır.
Bu gün dünyanın inkişaf etmiş ölkələrinin uğurunun arxasında ilk növbədə insan kapitalına verilən dəyər dayanır. Onlar yollar tikməzdən əvvəl məktəblər tikiblər, zavodlar açmazdan əvvəl universitetlər yaradıblar, iqtisadiyyatı gücləndirməzdən əvvəl düşünən insan yetişdiriblər. Çünki bilirdilər ki, elm olmayan yerdə istehsal da uzunömürlü ola bilməz. Cəmiyyətin mənəvi sağlamlığı təsadüfən formalaşmır. O, kitab oxuyan insanların, araşdıran beyinlərin, yaradan sənətkarların, düşünən qələm sahiblərinin və vicdanlı ziyalıların səssiz zəhməti nəticəsində yaranır. Onlar bəzən gur alqış almırlar, lakin gələcəyin təməl daşlarını məhz onlar qoyurlar.
Ən təhlükəli yoxsulluq pul yoxsulluğu deyil, düşüncə yoxsulluğudur. Pulunu itirən insan yenidən qazana bilər, lakin mənəviyyatını, zövqünü, elmi düşüncəsini və milli yaddaşını itirən cəmiyyət onları bərpa etmək üçün onilliklər sərf edir. Buna görə də millətin görünməyən sütunlarını qorumaq hər bir vətəndaşın mənəvi borcudur. Unutmaq olmaz ki, dövlətlərin sərhədlərini əsgərlər qoruyur, amma millətlərin ruhunu fikir adamları yaşadır. Maddi sərvət ölkəni zəngin edə bilər, lakin mənəvi və intellektual sərvət onu böyük edir. İnsanın və cəmiyyətin ən qiymətli sərvəti düşünən beyin, sağlam vicdan və yüksək mədəniyyətdir. Bu dəyərləri qoruyan xalq isə zamanın sınaqlarından həmişə başıuca çıxır.
Həsən Nağıyev, filosof