Hörmüz boğazında gərginlik: İsveçrə razılaşması niyə işə yaramadı?

Hörmüz boğazında gərginlik: İsveçrə razılaşması niyə işə yaramadı?
10:40

Hörmüz boğazında yaranan gərginlik və atəşkəsin pozulması ətrafında müzakirələr davam edir. Təhlükəsizlik məsələləri üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayılın sözlərinə görə, İsveçrədə keçirilən danışıqlarda əldə olunduğu bildirilən razılaşma kifayət qədər qeyri-müəyyən olub və İran hələ də öz şərtlərindən imtina etməyib.

News365.az-a açıqlama verən sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, İsveçrədə keçirilən görüşdə memorandum imzalansa da, tərəflər arasında ciddi fikir ayrılıqları qalıb.


"İsveçrədə keçirilən görüşdə memorandum imzalandı. Ancaq sona qədər dəqiq müəyyənlik yox idi. Məlum deyildi ki, Hörmüz boğazı 60 gün, yoxsa 30 gün ərzində tam açıq qalacaq və atəşkəsə tam şəkildə əməl olunacaq, ya yox. Hətta İran nümayəndələrinin görüşü yarımçıq tərk etməsi də həmin qeyri-müəyyənliyin göstəricisi idi. Razılaşma və atəşkəs elan olunsa da, hər iki tərəf üçün öhdəliklər kifayət qədər zəif müəyyənləşdirilmişdi."

Ekspert qeyd edib ki, atəşkəsin pozulmasına səbəb İranın gəmilərə hücum etməsi olub.

"30 günlük müddətdə atəşkəs ona görə pozuldu ki, İran gəmilərə zərbələr endirdi. ABŞ həmin dövrdə genişmiqyaslı müharibənin qarşısını almağa çalışırdı. Amerika cəmiyyətində, Konqresdə və Senatda da müharibənin genişlənməməsi ilə bağlı çağırışlar var idi. Buna görə də Vaşinqton prosesdə təşəbbüskar mövqe tutmadı. Əvvəlcə iki gəmi, daha sonra isə üçüncü gəmi vuruldu."

İlham İsmayılın sözlərinə görə, İranın əsas məqsədi Hörmüz boğazından keçidlə bağlı öz şərtlərinin qəbul edilməsidir.

"İranın məqsədi öz şərtlərinin qəbul olunmasına nail olmaqdır. Burada əsas məsələlərdən biri rüsumların ödənilməsi, digəri isə boğaz üzərində nəzarət məsələsidir. İran hesab edir ki, bu şərtlər razılaşdırılmalıdır."

Ekspert xatırladıb ki, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf da bu mövqeni açıq şəkildə ifadə edib.

"Məhəmməd Bağır Qalibaf bildirib ki, İranın şərtləri qəbul edildikdən sonra Hörmüz boğazı açılacaq. Halbuki imzalanmış 14 maddəlik memorandumda boğazın sərbəst fəaliyyəti və 28 fevraldan əvvəlki rejimin bərpası nəzərdə tutulurdu. Bu isə onu göstərir ki, İran tərəfi həmin razılaşmanı tam qəbul etməyib və əvvəlki mövqeyində qalır."


Sizin reklam burada
Sizin reklam burada