795 milyonluq ticarət dövriyyəsi və müttəfiqlik: Bakı ilə Daşkəndin geosiyasi həmləsi

795 milyonluq ticarət dövriyyəsi və müttəfiqlik: Bakı ilə Daşkəndin geosiyasi həmləsi
10:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirir. Geniş tərkibli gündəliklə diqqət çəkən bu səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, "Yeni Daşkənd" layihəsi ilə tanışlıq, Buxaraya səfər və yeni mühüm sənədlərin imzalanması nəzərdə tutulur.


Səfərin əhəmiyyətini şərh edən politoloq Turan Rzayev News365.az-a bildirib ki, Bakı və Daşkənd arasındakı indiki yaxınlığın arxasında həm siyasi iradə, həm də tarixi-mədəni köklər dayanır:

"Azərbaycan və özbək xalqları arasında ortaq dəyərlər, dil və mədəniyyət yaxınlığı münasibətlərin ictimai dayaqlarını formalaşdırır. Lakin son illərdə bu münasibətləri fərqləndirən əsas məqam məhz yaxınlığın konkret dövlətlərarası mexanizmlərlə tamamlanmasıdır. İki ölkə arasında əməkdaşlığın əsas zəmini Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri ilə qoyulub. Bu gün Prezident İlham Əliyev bu xətti daha geniş miqyasda davam etdirərək əlaqələri müttəfiqlik səviyyəsinə yüksəldib."

Politoloq vurğulayıb ki, son 5 ildə Prezident İlham Əliyevin Özbəkistana 2 dövlət və 4 işgüzar, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin isə Azərbaycana 2 dövlət və 7 işgüzar səfəri liderlər arasında formalaşmış sıx şəxsi münasibətlərin göstəricisidir. Səfər çərçivəsində imzalanması gözlənilən “Əbədi dostluq haqqında Müqavilə” isə mövcud müttəfiqliyi gələcək nəsillər üçün də siyasi çərçivəyə salacaq tarixi sənəddir.


Turan Rzayevin sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı və regional dialoqun "C5"dən "C6" formatına genişlənməsi Bakının regiondakı siyasi çəkisini artırır:

"Özbəkistan Mərkəzi Asiyanın ən böyük əhalisinə və iqtisadi potensialına, Azərbaycan isə Cənubi Qafqazın nəqliyyat və enerji imkanlarına malikdir. Bu coğrafiyaların bir-birini tamamlaması tərəfləri geosiyasi və iqtisadi baxımdan daha da yaxınlaşdırır. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində nəqliyyat əlaqələrinin gücləndirilməsi hər iki dövlətin ortaq maraq dairəsindədir."

İqtisadi və nəqliyyat dinamikasına toxunan ekspert qeyd edib ki, 2025-ci ildə ticarət dövriyyəsinin 795 milyon dollara çataraq üç dəfədən çox artması və tranzit daşımaların 1,4 milyon ton təşkil etməsi real nəticələrin göstəricisidir:

"Avtomobil istehsalı sahəsində 'Azərmaş' ilə özbək şirkətlərinin əməkdaşlığı çərçivəsində minlərlə 'Chevrolet' və yüzlərlə 'Isuzu' markalı avtomobilin istehsalı, eləcə də Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti əlaqələri sistemli mərhələyə keçirir. Özbəkistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxışında Azərbaycanın nəqliyyat infrastrukturunun rolu strateji əhəmiyyət kəsb edir. Bütün bunlar Bakı-Daşkənd münasibətlərinin bütövlükdə Türk dünyasının və Avrasiya məkanının geosiyasi mənzərəsinə təsir göstərə biləcək miqyas aldığını təsdiqləyir."


Sizin reklam burada
Sizin reklam burada