"Ölümü duyğu sömürüsünə çevirməyin" – Jurnalistdən cəmiyyətə səmimi müraciət

"Ölümü duyğu sömürüsünə çevirməyin" – Jurnalistdən cəmiyyətə səmimi müraciət
10:22

Jurnalist Azər Rəşidoğlu sosial şəbəkə hesabında xərçəng xəstəliyi, ölüm və cəmiyyətin buna münasibəti ilə bağlı emosional və fəlsəfi fikirlərini bölüşüb.

Jurnalist ağır xəstəliklər qarşısında duyğu istismarının və süni acıma hissinin əleyhinə olduğunu vurğulayıb:

"Tatanın vəfatı ilə bağlı 'xərçəng, sənə nifrət edirəm' demək dərdi hayqıraraq böyütməkdir. Bu, ağrını nümayişə, ölümü isə duyğu sömürüsünə çevirməkdən başqa bir şey deyil. Kənardan da xoş təsir bağışlamır. Ən başlıcası, bu çağırılmamış qonaqla üz-üzə qalanların ruhuna daha bir ağırlıq gətirir. Xəstəlik sədəfə toxunan bir qonaqdır, ama sədəfin içindəki inciyə toxuna bilməz. Çünki inci bədəndə deyil, ruhdadır."

O, insanların taleyə və sınaqlara təslimiyyətlə yanaşmasının vacibliyini qeyd edib:

"Gələnə 'niyə gəldin?', gedənə 'niyə getdin?' demərik. Biz yolçuyuq. Kimimiz tez, kimimiz gec yola düşür. Fani olan bədəndir, ruhun yolunu isə biz bilmirik. Ona görə də xərçəngə nifrət etməyi də, ölümə üsyan etməyi də boş verin. Elm var, həkim var, ümid var və Allah var. Allahın şəfa verən əsması var. Qapılar bağlananda belə, Onun açdığı qapını biz görməyə bilərik. İnsanın işi qəmə sarılmaq deyil, qəm gələndə onu da Yaradanın qonağı kimi qəbul etməkdir."

Azər Rəşidoğlu paylaşımının sonunda izləyicilərinə müraciət edərək şərh bölməsində ümidsizlik yaradan ifadələrdən qaçınmağı xahiş edib:

"Nolar, şərhlərdə 'Allah şəfa versin' yazmayın. Acımaqla ümidsizliyi artırırıq. Zatən nə olacaqsa, gözəl olacaq. Çünki O var..."


Sizin reklam burada
Sizin reklam burada