Kazan Universitetini ölümdən qurtaran dahi kimdir?- Tarixi həqiqətlər

Kazan Universitetini ölümdən qurtaran dahi kimdir?- Tarixi həqiqətlər
11:25

Təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında görkəmli azərbaycanlı alim, Şərqşünaslıq elminin banilərindən biri Mirzə Kazım bəyin həyatı, rus elminə verdiyi misilsiz töhfələr və riyaziyyatçı Nikolay Lobaçevski ilə dostluğu haqqında tarixi faktları bölüşüb.

Ekspert qeyd edib ki, kiçik yaşlarından ərəb, fars və Osmanlı türkcəsini mükəmməl bilən Mirzə Kazım bəy hələ 17 yaşında ikən yazdığı “Ərəb dilinin qrammatikası” əsəri ilə tanınıb:

"Kazan Universitetində 23 il dərs deyən Mirzə Kazım bəy iki dəfə Fəlsəfə fakültəsinə dekan seçilib. O, Peterburq Universitetində Şərq fakültəsinin yaradıcısı və ilk dekanı, həmçinin Azərbaycan dilinin ilk elmi qrammatikasının müəllifidir. 1854-cü ildə 'Türk dillərinin öyrənilməsində kurs dərsliyi', 6700 sözdən ibarət rus-türk lüğətini nəşr etdirib, Səadinin 'Gülüstan' əsərini rus dilinə tərcümə edib."

Etibar Əliyev alimin 1830-cu ildə Kazanda tüğyan edən vəba epidemiyası zamanı rus elmini məhv olmaqdan necə xilas etdiyini diqqətə çatdırıb:

"Vəba şəhəri bürüyəndə Kazan Universitetinin rektoru Nikolay Lobaçevski ilə görüşən Kazım bəy təklif edir ki, bütün professorlar ailələri ilə birgə universitet binasına köçsünlər və bina tam təcrid olunsun. O anlayırdı ki, universitetin bağlanması və alimlərin tələf olması rus elminə ağır zərbə vuracaq. Nəticədə vəba şəhər əhalisinin yarısını aparsa da, universitetin bir müəllimi və ya onların ailə üzvü belə xəstəliyə yoluxmadı. Lobaçevski sonralar etiraf edirdi: 'Mənim Kazım bəy kimi dostlarım və köməkçilərim olmasaydı, rus elmi uçuruma yuvarlanacaqdı'."

Paylaşımda həmçinin 1842-ci ildə Kazanda baş verən dəhşətli yanğın zamanı Mirzə Kazım bəyin göstərdiyi fədakarlıqdan da bəhs olunur. Universitet binası alovlar içində qalarkən Lobaçevskinin özünü odun içine atdığını görən Kazım bəy, dostunu qucağında yanğından çıxararaq xəstəxanaya çatdırıb və onun sağalması üçün günlərlə yatağı başından ayrılmayıb.

Mənbə kimi professor Ağababa Rzayevin "Dərbənddən başlanan əzablı yol" (Bakı, 1989) kitabı göstərilib.


Sizin reklam burada
Sizin reklam burada