Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə sürətli inkişaf dinamikası ilə seçilən, siyasi, iqtisadi, humanitar və mədəni sahələri əhatə edən hərtərəfli əməkdaşlıq modelinə çevrilib. İki ölkə arasında mövcud əlaqələrin əsasını yalnız dövlətlərarası maraqlar deyil, həm də ortaq tarix, mədəniyyət, dil, milli-mənəvi dəyərlər və xalqlar arasında əsrlər boyu formalaşmış qardaşlıq münasibətləri təşkil edir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, Azərbaycan və Özbəkistan xalqları arasında dərin qarşılıqlı rəğbət nəsildən-nəslə ötürülən mənəvi sərvətdir. Məhz bu mənəvi yaxınlıq son illərdə dövlətlərarası münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün möhkəm zəmin yaradıb.
Bu gün Azərbaycan–Özbəkistan
münasibətləri strateji tərəfdaşlıq mərhələsini keçərək müttəfiqlik səviyyəsinə
yüksəlib. Bu, iki ölkənin bir-birinə olan siyasi etimadının, qarşılıqlı dəstəyinin
və uzunmüddətli əməkdaşlıq iradəsinin mühüm göstəricisidir. Azərbaycan və Özbəkistan
xalqları əsrlər boyu eyni coğrafi və sivilizasiya məkanının mühüm hissəsi kimi
bir-biri ilə sıx əlaqələr saxlayıblar. Böyük İpək Yolunun keçdiyi ərazilərdə
yerləşən hər iki xalq tarix boyunca ticarət, elm, mədəniyyət və ədəbiyyat sahələrində
qarşılıqlı əlaqələr qurub.
Ortaq türk
kökləri, dil və mədəniyyət yaxınlığı Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən
mühüm amillərdəndir. Ədəbiyyat, musiqi, folklor, milli adət-ənənələr və mənəvi
dəyərlərdəki oxşarlıqlar iki xalqın bir-birini daha yaxından tanımasına və qəbul
etməsinə şərait yaradıb. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərini
yalnız müasir diplomatik əlaqələr çərçivəsində qiymətləndirmək doğru olmazdı. Bugünkü
siyasi münasibətlərin gücü, əslində, uzun illər ərzində formalaşmış xalq
diplomatiyasına və qarşılıqlı rəğbətə əsaslanır.
Müstəqillik
əldə etdikdən sonra Azərbaycan və Özbəkistan öz dövlətçilik siyasətlərini milli
maraqlar və suverenlik prinsipləri əsasında quraraq ikitərəfli əlaqələrin
inkişafına xüsusi diqqət yetiriblər. Zaman keçdikcə siyasi dialoq daha da
intensivləşib, qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər əməkdaşlığın
yeni istiqamətlərini müəyyənləşdirib.
Azərbaycan–Özbəkistan
münasibətlərinin son illərdə sürətli inkişafında iki ölkənin dövlət başçıları
arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və etimad xüsusi əhəmiyyət
daşıyır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında müntəzəm
təmaslar iki ölkə arasında siyasi dialoqun daha da dərinləşməsinə imkan
yaradıb. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunan
razılaşmalar isə münasibətlərin konkret layihələrlə zənginləşdirilməsinə şərait
yaradıb.
Prezident
İlham Əliyevin Özbəkistana dövlət səfəri və Prezident Şavkat Mirziyoyevin Azərbaycana
dövlət səfəri ikitərəfli münasibətlər tarixində xüsusi yer tutur. Bu səfərlər çərçivəsində
imzalanan sənədlər Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın hüquqi və
siyasi bazasını daha da möhkəmləndirib. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi
haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin
münasibətlərində yeni mərhələnin başlanğıcını ifadə edir. Bu sənədlər yalnız
siyasi bəyanat xarakteri daşımır. Onlar Azərbaycan və Özbəkistanın qarşılıqlı əməkdaşlığı
uzunmüddətli və sistemli şəkildə inkişaf etdirmək niyyətini nümayiş etdirir.
Müttəfiqlik
səviyyəsinə yüksəlmiş münasibətlər iki ölkə arasında qarşılıqlı fəaliyyətin
daha geniş sahələrə yayılmasına imkan verir. Siyasi əlaqələrdə yüksək səviyyəli
etimadın olması iqtisadi və humanitar əməkdaşlığın inkişafına da müsbət təsir
göstərir. Azərbaycan və Özbəkistanın regional və beynəlxalq məsələlərdə
bir-birinə yaxın mövqelər nümayiş etdirməsi də münasibətlərin siyasi çəkisini
artırır. Hər iki dövlət öz müstəqilliyinə, ərazi bütövlüyünə, suverenliyinə və
milli maraqlarına xüsusi önəm verir. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığı
qarşılıqlı dəstək və həmrəylik prinsiplərinə söykənən nümunəvi münasibətlər
modeli kimi qiymətləndirilə bilər. Müttəfiqlik həmçinin iki ölkənin beynəlxalq
və regional təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsi üçün əlavə
imkanlar açır. Türk dövlətləri arasında əlaqələrin gücləndirilməsi baxımından
da Bakı və Daşkənd arasında sıx münasibətlər mühüm əhəmiyyət daşıyır.
Azərbaycan
və Özbəkistan arasında münasibətlərin ən perspektivli istiqamətlərindən biri
iqtisadi əməkdaşlıqdır. Hər iki ölkənin iqtisadi imkanları bir-birini
tamamlayır və bu, yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş
perspektivlər açır. Prezident İlham Əliyevin müsahibəsində də vurğuladığı kimi,
Azərbaycan şirkətlərinin Özbəkistanda, özbək şirkətlərinin isə Azərbaycanda
daha fəal iştirak etməsi mühüm məqsədlərdən biridir. Qarşılıqlı
investisiyaların artırılması iki ölkənin iqtisadi əlaqələrini yeni mərhələyə
çıxara bilər. Birgə istehsal müəssisələrinin yaradılması xüsusilə böyük əhəmiyyət
daşıyır. Belə layihələr həm yerli istehsalın genişləndirilməsinə, həm yeni iş
yerlərinin yaradılmasına, həm də iki ölkənin sahibkarları arasında uzunmüddətli
tərəfdaşlığın formalaşmasına imkan verir. Azərbaycan və Özbəkistanın sənaye, kənd
təsərrüfatı, tekstil, qida sənayesi, kimya, energetika, nəqliyyat və digər sahələrdə
qarşılıqlı əməkdaşlıq üçün geniş imkanları mövcuddur. Birgə investisiya layihələrinin
artması həm də özəl sektorun ikitərəfli münasibətlərdə rolunu gücləndirir. Dövlətlərarası
siyasi münasibətlərin biznes əlaqələri ilə tamamlanması əməkdaşlığın daha
dayanıqlı və uzunmüddətli olmasına şərait yaradır. Azərbaycan və Özbəkistanın
münasibətlərində əldə olunan bugünkü nəticələr göstərir ki, ortaq tarixə,
qarşılıqlı etimada və güclü siyasi iradəyə əsaslanan əməkdaşlıq gələcək nəsillər
üçün də davamlı və möhkəm tərəfdaşlıq modeli yarada bilər.
Nəbi
Ağayev
K.Y.Fərəcova
adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun
PHŞ-nin
Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri