ABŞ-Azərbaycan münasibətlərində “Qordi düyünü”- 907-ci düzəliş

ABŞ-Azərbaycan münasibətlərində “Qordi düyünü”- 907-ci düzəliş
09:43

ABŞ Dövlət Departamenti Konqresə Azərbaycanın ABŞ-nin Azadlığa Dəstək Aktına 907-ci düzəlişdə nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılması barədə bildiriş göndərib.

ABŞ Konqresinin rəsmi protokoluna əsasən, iyulun 28-də Dövlət Departamenti müvafiq sənədi Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.
 Qeyd edək ki, 1992-ci ildə qəbul edilən “907-ci düzəliş” Azərbaycana ABŞ yardımının göstərilməsinə məhdudiyyətlər qoyur. 1990-cı illərin əvvəlində Azərbaycana qarşı tətbiq edilən “907-ci düzəliş” erməni diasporunun lobbi qruplarının təsiri ilə qəbul edilmişdi və bunun əsas səbəblərindən biri “Ermənistanın blokadası” kimi təqdim olunurdu.

2001-ci ildə Konqres ABŞ prezidentinə bu düzəlişin qüvvəsini dayandırmaq səlahiyyəti verib.
Həmin vaxtdan etibarən ABŞ prezidentləri hər il “907-ci düzəliş”in tətbiqinin dayandırılması qərarını uzadır və bu barədə Konqresi məlumatlandırırlar.

Azərbaycanla strateji tərəfdaşlıq quran ABŞ niyə 1992-ci ilin mübahisəli hüquqi mexanizmini niyə qüvvədə saxlayır?

Bəri başdan deyək ki, bu düzəlişin qüvvədə qalması ilk növbədə ABŞ-ın bəyan etdiyi dəyərlərə tərs münasibdir.

İkincisi, bədnam düzəlişin birdəfəlik ləğv edilməməsi ABŞ-Azərbaycan münasibətlərdə hüquqi asimmetriya yaradır.

Üçüncüsü, bu sənəd Azərbaycanda və dünyada ABŞ siyasətinə etimad problemini dərinləşdirir.

Dördüncüsü, hər il Vaşinqtonun 907-ci düzəliş üzrə güzəşti yeniləməsi faktiki olaraq Azərbaycanla münasibətlərə əlavə siyasi şərt elementinin daxil olması deməkdir. Azərbaycan tərəfi bunu təbii ki, münasibətlərdə bərabərhüquqluluq prinsipinə uyğun olmayan yanaşma kimi qiymətləndirir.

Beşincisi, bu məqam ABŞ-ın Cənubi Qafqazdakı yeni roluna zidd görüntü yaradır.

Altıncısı, iki ölkə arasında hərbi və təhlükəsizlik əməkdaşlığının potensialını məhdudlaşdırır.

907-ci düzəliş üzrə prezident güzəşti Azərbaycana müəyyən ABŞ yardımının göstərilməsinə imkan verir. Amma güzəştin hər il yenilənməsi münasibətləri uzunmüddətli, institusional təhlükəsizlik tərəfdaşlığından daha çox administrativ qərarlardan asılı vəziyyətdə saxlayır. Bu, xüsusilə Azərbaycanın sərhəd təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində ABŞ-la əməkdaşlığı baxımından arzuolunmazdır. ABŞ prezidentlərinin güzəşt qərarlarında da məhz terrorizmə qarşı mübarizə, ABŞ və koalisiya qüvvələrinin əməliyyat hazırlığı və Azərbaycanın sərhəd təhlükəsizliyi əsaslandırma kimi göstərilib.

Yeddincisi, Azərbaycan artıq hansısa münaqişədə tərəf deyil. Əksinə Azərbaycan bu gün Cənubi Qafqazda bütün kommunikasiyaların açılmasının təşəbbüskarı və moderatoru kimi çıxış edir. Hətta bu nəqliyyat xətlərindən biri olan Zəngəzur dəhlizinin  bərpasında Ermənistan da iştirak edir.

Və ən maraqlısı da odur ki, Zəngəzur dəhliizinin bərpasında ABŞ  da birbaşa iştirak edir.

Səkkizincisi, Azərbaycan artıq enerji təhlükəsizliyi, Orta Dəhliz, Şərq–Qərb nəqliyyat bağlantıları, regional təhlükəsizlik və Avropa ilə Asiya arasında logistika baxımından mühüm aktora çevrilib. Belə bir ölkə ilə münasibətləri 1990-cı illərin qanunvericilik məntiqi ilə tənzimlənmək təbii ki, rəsmi Vaşinqtona baş ucalığı gətirmir. Eyni zamanda ABŞ-ın regiondakı yeni geosiyasi reallıqlara uyğunlaşmasını ləngidir.

Nəhayət bədnam düzəliş Ermənistan amilinin ABŞ–Azərbaycan münasibətlərində həddindən artıq uzunömürlü siyasi izini saxlayır.

Burada çox maraqlı bir paradoks yaranır.

Vaşinqton 907-ci düzəlişi tətbiq etmir, amma onu ləğv də etmir. Yəni problem praktik olaraq yumşaldılır, lakin siyasi olaraq tam həll olunmur. Bu isə Azərbaycan üçün kifayət qədər mühüm mesajdır.  Yəni ABŞ münasibətləri inkişaf etdirmək istəyir, amma rəsmi Vaşinqton Konqres səviyyəsində Azərbaycana qarşı formalaşmış köhnə siyasi mexanizmi tam aradan qaldırmağa hələ hazır deyil.

Bu səbəbdən 907-ci düzəlişin sadəcə hər il dayandırılması yox, birdəfəlik ləğvi Azərbaycan–ABŞ münasibətlərində psixoloji və siyasi baryerin götürülməsi baxımından daha böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində haqlı olaraq bəyan etdi ki, "907-ci düzəliş" ABŞ Konqresi tərəfindən ədalətsiz bir addım idi, bu ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü:

“Bayden də (eks ABŞ prezidenti -red.) məhz onlardan biri olub, buna görə də Azərbaycan Bayden administrasiyası zamanı çətinliklərlə üzləşib. Bu səbəbdən Azərbaycan ABŞ-nin maliyyə yardımından məhrum edilmişdi. Təəssürat belə yaradılmışdı ki, Azərbaycan Ermənistana qarşı blokada yaradırdı, bu isə həqiqətə uyğun deyildi”.
İlham Əliyev əlavə edib ki, bu gün "907-ci düzəliş" tamamilə köhnəlib:

"Birincisi, Azərbaycan və Ermənistan Prezident Trampın iştirakı ilə sülh sazişini paraflayıblar. Başqa tərəfdən, Azərbaycan birtərəfli olaraq Ermənistana olan məhdudiyyətləri tam aradan qaldırıb, 40 min tondan artıq müxtəlif yüklər Ermənistana Rusiya, Qazaxıstan və digər yerlərdən daşınıb. Həmçinin Azərbaycan özü neft məhsullarının Ermənistana təchiz edilməsinə başlayıb, bu rəqəm artıq 10 min tondan artıqdır".

Prezident bir daha vurğulayıb ki, "907-ci düzəliş" tamamilə aradan qaldırlmalı və ləğv edilməlidir:

"Əfsuslar olsun ki, Prezident Trampın qəti mövqeyinə baxmayaraq, hələ ki qüvvədə qalır. ABŞ Konqresi bunu nə qədər tez ləğv edərsə, bu həm hamı üçün, həm də Azərbaycan üçün faydalı olacaq, çünki belə olan halda ayrı-seçkilik aradan qalxacaq və Konqres öz məsuliyyətini və bacarığını nümayiş etdirəcək. Bu da o demək olacaq ki, onlar öz səhvlərini etiraf edirlər və cari geosiyasi vəziyyətə uyğun addım atırlar. Beləliklə, biz ümid edirik ki, bu baş verəcək".

Azərbaycan üçün məntiq sadədir.

Əgər ABŞ Azərbaycanı strateji tərəfdaş, enerji və nəqliyyat təhlükəsizliyinin mühüm aktoru və Cənubi Qafqazda sülhün əsas iştirakçılarından biri hesab edirsə, onda Azərbaycanı hələ də 1992-ci ildə qəbul edilmiş xüsusi məhdudlaşdırıcı qanunla fərqləndirmək nə siyasi, nə də strateji baxımdan məntiqli görünür.

Ona görə də “907-ci düzəliş”in ləğvi yalnız texniki qanun dəyişiklikliyi deyil, Vaşinqtonun Bakı ilə münasibətlərdə yeni səhifə açmağa hazır olduğunun siyasi göstəricisi ola bilər.

Sonda bir daha vurğulayaq ki, “907-ci düzəliş”in ləğv edilməməsi bu gün Azərbaycana böyük həcmdə birbaşa iqtisadi zərər vuran mexanizm kimi deyil, ABŞ–Azərbaycan münasibətlərinin keyfiyyətinə və qarşılıqlı etimada mənfi təsir edən siyasi-hüquqi anaxronizmidir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada