Ağızda tez-tez yaranan yaralar nəyin əlamətidir? – Stomatoloqdan həyəcan təbili

Ağızda tez-tez yaranan yaralar nəyin əlamətidir? – Stomatoloqdan həyəcan təbili
12:32

Ağız boşluğunda yaranan yaralar cəmiyyətdə ən çox rast gəlinən stomatoloji problemlərdən biridir. Bəzən sadə bir dişləmə və ya breket qıcıqlanması nəticəsində ortaya çıxan bu yaralar, bəzi hallarda orqanizmdəki ciddi xəstəliklərin ilk xəbərçisi ola bilər.

Tibb üzrə fəlsəfə doktoru, stomatoloq, ağız və üz-çənə cərrahı Hüseyn Hüseynzadə News365.az -a açıqlamasında bildirib ki, ağızda yaranan yaraların səbəbləri müxtəlifdir:

"Ən çox rast gəlinən hallar sadə aftalar və mexaniki travmalardır. Yanağın və ya dilin dişlənməsi, iti diş kənarları, düzgün oturmayan zirkonium və ya metalkeramika qapaqlar, breketlər selikli qişanı zədələyərək yara yarada bilər. Bundan əlavə, stress, yuxusuzluq, hormonal dəyişikliklər və bəzi qidalar da aftların əmələ gəlməsinə təkan verir. Sadə aftalar adətən oval formada, ortası ağ və ya sarımtıl olur və 7–14 gün ərzində öz-özünə sağalır."

Həkim qeyd edib ki, tez-tez təkrarlanan yaralar zamanı dərhal həkim məsləhəti olmadan daxilə vitamin qəbul etmək düzgün yanaşma deyil:

"Dəmir, B12 vitamini, fol turşusu və sink çatışmazlığı ağız yaralarına səbəb ola bilsə də, hər yaranı vitamin azlığı ilə əlaqələndirmək olmaz. Əgər vitamin qəbuluna baxmayaraq yaralar yenidən yaranırsa, mütləq laborator müayinələrdən keçmək lazımdır."

Mütəxəssis həzm sistemi və immun pozuntularının da ağızda özünü göstərdiyini vurğulayıb:

"Mədə-bağırsaq xəstəlikləri, bağırsaq problemləri ağız boşluğu və dodaqlarda yaralarla müşayiət olunur. Əgər yara ilə yanaşı ishal, halsızlıq və çəki itkisi varsa, bu artıq sistemik xəstəlik göstəricisidir. Eyni zamanda Behçet xəstəliyi kimi immun sistemi pozğunluqları, bəzi virus və göbələk infeksiyaları da sağalmayan yaralara yol açır."

Hüseyn Hüseynzadə xəbərdarlıq edib ki, əgər ağız boşluğundakı yaralar 2 haftədən artıq (14 gün) sağalmırsa, vaxt itirmədən dermatoloq və ya stomatoloqa müraciət etmək vacibdir.


Sizin reklam burada
Sizin reklam burada