İtaliya 2000 ildən çoxdur həyati əhəmiyyət daşıyan körpünü tikə bilmir

İtaliya 2000 ildən çoxdur həyati əhəmiyyət daşıyan körpünü tikə bilmir
17:10

İtaliyada Siciliyanı ölkənin materik hissəsindən ayıran Messina boğazı üzərindən körpü tikintisi planları yenidən gündəmə gəlib. 2000 ildən çox əvvəl ortaya çıxan layihə texniki, seysmik, ekoloji və maliyyə riskləri səbəbindən hələ də ciddi mübahisələrə səbəb olur. 

News365.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Nəşrin məlumatına görə, körpü ideyası Qədim Roma dövrünə gedib çıxır. Böyük Plininin məlumatına əsasən, e.ə. 251-ci ildə romalılar karfagenlilərdən ələ keçirdikləri 140 döyüş filini keçirmək üçün boğaz üzərindən qayıq və çəlləklərdən müvəqqəti körpü qurublar.

2000 il sonra bu ideyanı Benito Mussolini və Silvio Berlusconi də dəstəkləyib. 2022-ci ildə isə İtaliyanın nəqliyyat naziri Matteo Salvini layihəni ölkənin əsas infrastruktur layihələrindən birinə çevirib.

Müasir layihənin dəyəri 13,5 milyard avro qiymətləndirilir. Hakimiyyət tikintinin başlanmasını dəfələrlə təxirə salıb: əvvəlcə işlərin 2024-cü ildə, daha sonra 2025-ci ilin əvvəlində, son olaraq isə 2026-cı ilin əvvəlində başlanması planlaşdırılıb.

Salvini fevral ayında işlərin nəhayət yayda başlayacağını açıqlayıb. Lakin körpünün inşa edilməsinin planlaşdırıldığı Siciliyanın şimal-şərqindəki Torre-Faro ərazisində hələ də tikinti işlərinin başlanmasına dair heç bir əlamət yoxdur. Layihənin həyata keçirilməsi üçün burada 400-dən çox daşınmaz əmlak obyektinin dövlət tərəfindən alınması nəzərdə tutulur.

Rəsmi plana əsasən, Torre-Faro ilə Kalabriyadakı Villa-San-Covanni arasında inşa ediləcək körpü dünyanın ən uzun asma körpüsü olacaq. Onun əsas aşırımının uzunluğu 3,3 kilometr təşkil edəcək. Qurğu altı hərəkət zolağı, iki xidmət zolağı və iki dəmir yolu xətti ilə təchiz olunmalıdır. “The Guardian” qeyd edir ki, hazırda dünyada bu miqyasda başqa asma körpü yoxdur.

Bununla belə, ekspertlər belə bir qurğunun təhlükəsiz istismar edilə biləcəyinə şübhə edirlər. Nəşrin danışdığı aparıcı mühəndislər, seysmoloqlar və ekoloqlar ciddi narahatlıqlarını bildiriblər.

Kataniya Universitetinin mühəndislik fakültəsinin keçmiş dekanı Antonino Rizzitano hesab edir ki, müasir texnologiyalar belə uzunluqda əsas asma kabellərinin etibarlılığını lazımi səviyyədə sınaqdan keçirməyə imkan vermir.

“Əgər siz asma kabellərini sınaqdan keçirə bilmirsinizsə, onu inşa edə bilməzsiniz. Müasir elmi bilikləri nəzərə alsaq, mövcud layihə texniki baxımdan həyata keçirilə bilməz”, deyə alim bildirib.

Körpünün tikintisini həyata keçirəcək “Webuild” şirkəti bildirib ki, bu iradlar artıq nəzərdən keçirilib və 2025-ci ildə hazırlanmış texniki hesabatda təkzib olunub. Buna baxmayaraq, “The Guardian” təhlükəsizlik məsələsinin əsas problemlərdən biri olaraq qaldığını vurğulayır.

Geoloq Karlo Dolyoninin sözlərinə görə, son 40 il ərzində mümkün tikinti sahəsindən 40 kilometr radiusda 5000-dən çox zəif zəlzələ qeydə alınıb. Bundan əlavə, Siciliya tədricən materikdən uzaqlaşır.

Layihənin tərəfdarları körpünün ekstremal şərait üçün layihələndirildiyini və 7,1 maqnitudalı zəlzələlərə tab gətirə biləcəyini bildirirlər. Lakin İtaliyanın Ali İctimai İşlər Komitəsi avqustun əvvəlində layihənin həyata keçirilməsinin yalnız 100-dən çox tələbin yerinə yetirilməsindən sonra mümkün olduğunu açıqlayıb. Bu tələblərə seysmik risklər və tikinti materiallarının sınaqdan keçirilməsi ilə bağlı məsələlər də daxildir.

Körpünün əleyhdarları ekoloji nəticələrdən də narahatdırlar. Ekoloqlar hesab edirlər ki, qurğu quşlar və dəniz məməliləri üçün mühüm miqrasiya dəhlizinə zərər vura bilər. Təşkilatın məlumatına görə, yalnız yaz miqrasiyasının altı həftəsi ərzində gələcək körpünün yerləşəcəyi ərazidən milyonlarla quş uça bilər.

Evlərinin alınması planlaşdırılan yerli sakinlər isə hətta tamamlanmamış tikintinin də ərazinin landşaftını həmişəlik dəyişə biləcəyindən ehtiyat edirlər.

On ildən artıqdır körpüyə qarşı çıxan fəal Mariella Valbruççinin sözlərinə görə, əsas təhlükə yalnız layihənin özündə deyil.

“Məni narahat edən odur ki, körpü tikilsə də, tikilməsə də, yollar və viaduklarla bağlı işlər başlaya, bu qorunan landşaft beton altında əbədi olaraq qala bilər”, deyə o bildirib.



Sizin reklam burada
Sizin reklam burada