Həmişə qazanmaq üçün nə etmək lazımdır?

Həmişə qazanmaq üçün nə etmək lazımdır?
09:41
İnsan həyatının ən böyük paradokslarından biri budur ki, biz xoşbəxtliyi tapmaq üçün insanlara yaxınlaşırıq, amma çox vaxt məhz insanlar vasitəsilə sınırıq. Bu ziddiyyət təsadüfi deyil, bu insanın daxili kamilləşmə prosesinin ayrılmaz bir hissəsidir. Çünki xarakter, rahatlıq içində deyil, sarsıntılar içində formalaşır. İnsanın özünü qoruma instinkti sadəcə fiziki təhlükələrə qarşı deyil, mənəvi təhlükələrə qarşı da işləməlidir. Qədim stoiklər deyirdi ki, insanın ən böyük gücü, nəyi qəbul edib, nədən imtina edəcəyini bilməsidir. Bu sadə bir seçim kimi görünə bilər, amma əslində bu bütün həyatın istiqamətini müəyyən edən bir qərardır. Çünki insan hər “qalmaq” qərarı ilə özünü bir az daha itirə bilər, hər “getmək” qərarı ilə isə bir az daha tapar. İnsan beynində maraqlı bir mexanizm var: o, tanış olan ağrını, naməlum rahatlıqdan daha təhlükəsiz hesab edir. Buna görə də insanlar tez-tez onları incidən münasibətlərə geri qayıdırlar. Çünki tanış ağrı, bilinməyən xoşbəxtlikdən daha az qorxuducu görünür. Amma bu təkamül yox, durğunluqdur. İnsan yalnız naməlumdan qorxmağı aşanda inkişaf edir. Tarixə baxdıqda da eyni qanunu görürük. Böyük şəxsiyyətlər — sərkərdələr, alimlər, mütəfəkkirlər — heç vaxt hər kəsi razı salmağa çalışmayıblar. Onlar müəyyən bir mərhələdə öz yollarını seçiblər və bu seçim çox vaxt ayrılıqlar, tənha qərarlar və ağır nəticələr doğurub. Amma məhz bu sərhədlər onları fərqli edib. Tarix bizə göstərir ki, hər kəslə yaxşı olmaq istəyən insanlar yox, doğru insanlarla doğru məsafəni qura bilənlər iz buraxır.
İnsanın həyatında qarşılaşdığı hər bir insan bir imtahandır. Bəziləri səbr imtahanıdır, bəziləri isə seçim imtahanı. Hər münasibət davam etdirilməli deyil. Bəzən uzaqlaşmaq, səbir deyil, hikmətdir. Çünki hər şeyə dözmək fəzilət deyil — bəzən zərərin qarşısını almaq daha böyük bir fəzilətdir. Maraqlı bir fakt var: qədim Şərq fəlsəfəsində deyilir ki, insanın həyatına girən hər kəs ya müəllimdir, ya da dərs. Müəllim olanlar sənə doğru yolu göstərir, dərs olanlar isə səhv yolu təcrübə etdirir. Amma hər iki halda məqsəd eynidir — sənin daha ayıq, daha güclü və daha seçici olmağın. Bu nöqtədə insanın özünə qarşı dürüst olması çox vacibdir. Çünki ən böyük yanılma başqalarında deyil, özümüzdə başlayır. Biz çox vaxt açıq-aşkar davranışları görməzdən gəlirik, çünki qəbul etmək istəmirik. Halbuki həqiqət çox sadə olur: sənə dəyər verməyən insanın davranışı dəyişməyəcək, sən sadəcə ona verdiyin mənanı dəyişməlisən. Ən böyük daxili inqilab isə insanın bunu anladığı anda başlayır: hər kəsi həyatında saxlamaq məcburiyyətində deyil. Bu anlayış azadlıqdır. Çünki insan yalnız buraxmağı bacardıqda həqiqi mənada sahib olmağı öyrənir — öz sakitliyinə, öz dəyərinə və öz sərhədlərinə.
Həyatın başqa bir reallığı da budur ki, bəzi qapılar bağlanır ki, sən içəridə qalasan deyə yox, sən artıq oraya aid olmadığın üçün. İnsan bunu gec başa düşür. Uzun müddət keçmişə bağlı qalır, bir vaxtlar yaşadığı hisslərin kölgəsində qalır. Amma zaman keçdikcə anlayır ki, bəzi yerlər, bəzi insanlar və bəzi münasibətlər sadəcə bir mərhələ idi — taleyin son nöqtəsi yox, keçid nöqtəsi. Nəticədə insan bir seçim qarşısında qalır: ya keçmişin yükünü daşıyacaq, ya da gələcəyin məsuliyyətini. Keçmiş yükdür, gələcək isə qurulacaq bir sahədir. Bu sahəni isə hər kəslə doldurmaq olmaz. Çünki hər insan sənin həyatında yer tutmağa layiq deyil. İnsanın ən böyük gücü kimisə saxlamaq deyil, lazım olanda buraxa bilməkdir. Çünki buraxmaq zəiflik deyil — bu özünü seçməkdir. Özünü seçən insan isə heç vaxt uduzmur. O, ya qazanır, ya da öyrənir.
Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada