Əməvilərin törətdiyi türk-müsəlman soyqırımı aktları- Tural İrfan yazır
Təhlil
09:29
Əməvilər yaxud Bəni Üməyyə (Üməyyə oğulları) soy baxımından Həzrət Muhəmmədin əmizadələridir. Peyğəmbərin ulu babalarından olan Abdu Mənaf Qusay oğlunun Haşim və Əbdüşşəms adlı iki oğlundan Haşimilər və Əməvilər törəyib. Üməyyə Əbdüşşəmsin, Hərb Üməyyənin, Əbu Sufyan Hərbin, Müaviyyə Əbu Sufyanın, Yezid də Muaviyyənin oğludur. Əməvilərin Süfyanilər və Mərvanilər qolu İslam xilafətini ələ keçirib uzun müddət əldə saxlayıblar.
Bu arada bir ərəb ata sözünü xatırladıram ki, məqaləni oxuduqca süjet xəttini diqqətdə saxlaya biləsiniz. Atalar sözündə deyilir: "Ərəb qardaşı və əmisi oğlu birlikdə düşmənlə savaşır. Qalib gəldikdən sonra qardaşıyla birlikdə əmisi oğlu ilə savaşır. Ona da qalib gıldikdən sonra qardaşı ilə savaşır." Qeyd edim ki, bu, ərəblərin öz etirafıdır.
Əsas mətləbə keçməmiş Əməvilərin hakimiyyəti ələ almaları barədə qısa xronologiya verim: Həzrət Muhəmməd peyğəmbər olduqdan sonra Əməvilər ona qarşı cəbhə aldılar. İslama qarşı Məkkə ordusunu Əbu Sufyan maliyyələşdirir və komandanlıq edirdi. Savaşlarda Əməvilərin bir sıra böyüklərini şücaəti ilə seçilən Əli bin Əbu Talib qətlə yetirmişdi. Nəhayət Məkkə fəth ediləndə Əbu Sufyan başqa çıxış yolu qalmadığını görüb müsəlman olduğunu bildirdi. Peyğəmbər onlara mümkün qədər səlahiyyət vermirdi. İlk xəlifə Əbu Bəkr də onlara vəzifə vermədi. Lakin ikinci xəlifə Ömər Yezid ibn Əbu Süfyanı Şama vali təyin etdi. O da vəbadan vəfat etdikdən sonra, 639-cu ildə onun yerinə qardaşı Müaviyyəni Dəməşq (Şam) valisi təyin etdi. Üçüncü xəlifə Osmanın da Əməvi olması, bir qədər də qohumbazlığı həm Müaviyyənin həm də digər Əməvilərin müxtəlif vəzifələrə gəlməsinə yol açdı. Onların xilafəti istismar edib xalqı narazı salması üsyanlara yol açdı. Nəhayət üsyançılar Mədinəyə qədər gəlib ahıl yaşda olan Osmanı öz kabinetində Quran oxuduğu yerdə qətlə yetirdilər. Sonra Əli Əbu Talib oğlu xəlifə seçildi. Bu zaman hələ də Şamda vali olan Müaviyyəni beyət etməyə dəvət etsə də o şərt qoydu ki, Osmanı öldürənləri cəzalandırdığın təqdirdə beyət edəcəyəm. Belə olduqda Əli Əbu Talib oğlu onu vəzifədən azad etdi. Bununla da İslam xilafətinin parçalanması prosesi başlamış oldu. Böyük ixtilaflar, savaşlar oldu, çoxsaylı müsəlman qətlə yetirildi. Müaviyyə qanuni xəlifənin təyin etdiyi bir çox vali və komandanları müxtəlif yollarla aradan götürdü, zəhərlədi. Həzrət Əlidən sonra oğlu Həsənlə də savaşdı. O da xilafətin və müsəlmanların parçalanmaması üçün müqavilə əsasında qanuni xilafətini Müaviyyə təhvil verdi. Müaviyyədən sonra xilafətə oğlu Yezid keçdi. O da Kərbəla faciəsini törədib Əhli Beytin xeyli üzvünü şəhid etdi, Kəbəni mancanağa verib yandırdı, Mədinəni talan edib səhabələrin qızlarını zorlatdı. Öldükdən sonra gənc yaşda olan oğlu ikinci Müaviyyə taxta keçdi. O, bütün ata-babalarını lənətləyib yanlış yolda olduğunu dedi və xilafətin onun haqqı olmadığını bəyan edib istefa verdi. Qısa müddətdən sonra yatdığı yerdə onu boğdular. Sonra xilafətə Əbu Sufyanın qardaşı oğlu Mərvan bin Həkəm keçdi. Beləcə xilafət Süfyanilərdən Mərvanilərə dövr edilmiş oldu. Beləcə xilafəti səltənətə çevirib istibdad rejimi qurdular. Ələvilər ara-sıra üsyana, qiyama cəhd etsələr də amansızlıqla yatırıldı. Zeyd bin Əlinin 200-dən çox tərəfdarı ilə Kifədə öldürülməsi buna misaldır. Əməvilər beləcə sərbəst şəkildə işğallar həyata keçirir, istilalar edirdilər. Raşidi xəlifələrdən fərqli olaraq Əməvilər İslamı yaymaq yox, sərvət toplamaq və torpaq tutmaq üçün savaşırdılar. Xilafət artıq tam səltənət xarakteri daşıyırdı.
I Vəlid (705–715-ci illər) və Süleyman ibn Əbdülməlik (715–717-ci illər) xəlifəlikləri zamanı Orta Asiyaya üz tutdular.
Əməvilərin Xorasan və Mavəraünnəhrdəki türk xalqlarına qarşı yeritdikləri siyasət bir sıra amansız qətliam və soyqırımı xarakterli hadisələrlə tarixə düşüb. Xilafətin ərəb millətçiliyi siyasəti və bölgədəki müqavimətləri qırmaq məqsədi qanlı nəticələr doğurdu. Qəddar Əməvi sərkərdəsi Quteybə ibn Müslümün Orta Asiyaya yürüşləri zamanı törədilən ən dəhşətli cinayətlər Talkan və Gürkan qətliamlarıdır. 710-715-ci illərdə Buxara, Səmərqənd və Fərqanə vadiləri istiqamətindəki yürüşlərdə xüsusi qəddarlıqlar edildi. Tarixi mənbələrdə (xüsusilə "Tarixi-Təbəri" əsərinə istinadən), xilafətə müqavimət göstərən minlərlə yerli türk əhalisi qətlə yetirilib, 40 minə yaxın mülki şəxsin tikə-tikə doğranaraq yollardakı ağaclardan asıldığı bildirilir. Eyni zamanda iqtisadi və mədəni soyqırımı da baş verdi. Əməvi orduları su dəyirmanlarının fəaliyyətini təmin etmək üçün əsir alınan türk döyüşçülərinin və müqavimət göstərənlərin başlarını kəsərək dəyirman daşlarında üyüdür, qorxu yaymaq üçün Əməvilərə beyət etməyən kəndləri və şəhərləri yandırırdılar. Qadınlar əsir alınaraq cariyə kimi bölüşdürüldü, kişilərin əmlakı talan edildi. Əməvilər ərəb olmayan müsəlmanlara (məvali) ikinci dərəcəli insan kimi yanaşır, onları ağır vergilərə məruz qoyur və sosial hüquqlardan məhrum edirdilər. Bu irqi ayrı-seçkilik sistemli şəkildə türk tayfalarının məhv edilməsinə və sıxışdırılmasına səbəb olurdu. Bu zülm və qətliamlar bölgədə türklərin dərin nifrətinə səbəb oldu və nəticə etibarilə Əməvilərə qarşı qiyamların (məsələn, Əbu Müslim Xorasaninin hərəkatı) güclənməsinə, xilafətin süqutuna (750-ci il) və türklərin Abbasilər dönəmində islam dövlətində əsas hərbi-siyasi gücə çevrilməsinə zəmin yaratdı.