15 gün sonra! Yerin cazibə qüvvəsi 7 saniyə dayanacaq: milyonlarla insan öləcək?- VIDEO

15 gün sonra! Yerin cazibə qüvvəsi 7 saniyə dayanacaq: milyonlarla insan öləcək?- VIDEO
12:58

NASA nəyi gizlədir? “Project Anchor” əfsanəsinin əsl üzü ortaya çıxdı

Son günlər Türkiyə və dünya sosial şəbəkələrində sürətlə yayılan bir iddia milyonlarla istifadəçini çaşqın vəziyyətə salıb. Viral paylaşımlarda bildirilir ki, guya 2026-cı il avqustun 12-də Yer kürəsində cazibə qüvvəsi 7 saniyəlik dayanacaq, insanlar, avtomobillər və heyvanlar havaya qalxacaq, sonra isə yenidən yerə çırpılacaq.

İddia o qədər geniş yayılıb ki, televiziya proqramlarında, TikTok, Instagram və Threads platformalarında bu barədə xüsusi süjetlər hazırlanıb, minlərlə istifadəçi isə “həmin gün evdən çıxmamaq” barədə zarafat və xəbərdarlıqlar paylaşmağa başlayıb.

“Project Anchor” adlı sirli sənəd…

Şayiənin əsasını guya NASA-dan sızdırılmış “Project Anchor” adlı məxfi sənəd təşkil edir. Həmin saxta sənədə görə, iki nəhəng qara dəlikdən yayılan cazibə dalğaları 12 avqustda Yerə təsir göstərəcək, nəticədə cazibə qüvvəsi qısa müddətə yox olacaq və milyonlarla insan həyatını itirəcək.

Lakin araşdırmalar göstərir ki, belə bir sənədin mövcudluğu təsdiqlənməyib və onun həqiqi NASA sənədi olduğuna dair heç bir sübut yoxdur.

Elm bu barədə nə deyir?

Fiziklər bildirirlər ki, belə hadisənin baş verməsi mümkün deyil.

Yer kürəsinin cazibə qüvvəsi planetin ümumi kütləsindən yaranır. Bu qüvvənin “sönməsi” üçün Yer öz nüvəsini, mantiyasını, okeanlarını və atmosferini, yəni faktiki olaraq bütün kütləsini itirməlidir. Bu isə fizika qanunlarına görə mümkün ssenari deyil.

Digər tərəfdən, hətta nəzəri olaraq cazibə qüvvəsi birdən-birə yox olsa belə, insanlar dərhal onlarla metr havaya qalxmazdı. Bunun üçün əlavə qüvvə tələb olunur. Sadəcə cazibənin olmaması insanı raket kimi yuxarı atmır.

Bəs 12 avqust niyə seçilib?

Maraqlıdır ki, 12 avqust 2026-cı ildə tam Günəş tutulması baş verəcək. Astronomik hadisələr uzun illərdir müxtəlif konspirasiya nəzəriyyələrinin əsas mövzularından biri olur. Ekspertlər hesab edirlər ki, məhz bu səbəbdən tarix təsadüfi seçilməyib və sosial şəbəkələrdə diqqət çəkmək üçün istifadə olunur.

Sosial media yenə öz işini gördü

Mütəxəssislər bildirirlər ki, süni intellektlə hazırlanmış videolar və sensasion başlıqlar bu cür saxta xəbərlərin rekord sürətlə yayılmasına şərait yaradır. “Yer cazibəsi dayanacaq”, “NASA həqiqəti gizlədir”, “40 milyon insan öləcək” kimi ifadələr milyonlarla baxış toplasa da, onların arxasında heç bir elmi əsas yoxdur.

Nəticə etibarilə, 12 avqustda Yer kürəsində cazibə qüvvəsinin dayanacağı barədə iddialar tamamilə əsassızdır. Bu, sosial şəbəkələrdə yayılan növbəti viral konspirasiya nəzəriyyəsidir və indiyədək onu təsdiqləyən heç bir elmi fakt ortaya qoyulmayıb.

MUSAVAT.COM


Sizin reklam burada
Sizin reklam burada