Ukrayna Rusiyanın Volqoqrad şəhərində yerləşən Wildberries logistika mərkəzini pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alıb. Hücumdan sonra obyektdə yanğın baş verdiyi bildirilib.
News365.az xarici mediaya istinadən xəbər verir ki, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov yazılı açıqlamasında Ukraynanın bölgəyə PUA hücumu həyata keçirdiyini təsdiqləyib. Onun sözlərinə görə, şəhərin cənubunda yerləşən enerji obyektində, eləcə də Dzerjinski rayonundakı anbarlarda yanğın baş verib.
Boçarov bildirib ki, hücumlar nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Qubernatorun sözlərinə görə, Traktorozavodski rayonunda yerləşən çoxmənzilli yaşayış binası və Krasnoarmeyski rayonundakı fərdi yaşayış evi də hücum zamanı zədələnib.
Wildberries şirkətinin yaydığı açıqlamada isə Volqoqraddakı logistika mərkəzində baş vermiş yanğına yanğınsöndürmə briqadalarının müdaxilə etdiyi bildirilib. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Şirkət həmçinin qeyd edib ki, logistika əməliyyatları yenidən təşkil olunub, malların qəbulu və sifarişlərin çatdırılması hazırda digər logistika mərkəzləri vasitəsilə həyata keçirilir.