Azərbaycan dilinin tarixi zəfəri: Deputatdan mühüm mesajlar

Azərbaycan dilinin tarixi zəfəri: Deputatdan mühüm mesajlar
13:08

Bir millətin yer üzündəki izi yalnız qurduğu binalarla və ya fəth etdiyi torpaqlarla ölçülmür. Əsl iz xalqın min illər boyu süzülüb gələn yaddaşının ifadəsi olan ana dilində gizlənir.

Bu fikirləri Milli Məclisin deputatı Azər Allahverənov News365.az-a açıqlamasında bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan dili sadəcə bir ünsiyyət vasitəsi deyil, xalqın ruhunu yaşadan müqəddəs bir enerji və Dədə Qorqud hikmətindən süzülüb gələn mənəvi xəzinədir:

"Bu dil hər bir azərbaycanlının daxili dünyasında toxunmuş bir dastandır ki, onun hər hecasında əcdadlarımızın keçdiyi keşməkeşli yolların əksi duyulur."

Tarixi inkişaf prosesində dilimizin ağır sınaqlardan keçdiyini qeyd edən A.Allahverənov bildirib ki, əsrlər boyu ərəb və fars dillərinin, Çar Rusiyası dövründə isə ruslaşdırma siyasətinin təzyiqlərinə baxmayaraq, ana dilimiz xalqın danışığında yaşaya bilib. XX əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət dili elan olunsa da, sovet hakimiyyəti illərində bu hüquq yenidən formal xarakter alıb.

Milli Məclisin deputatı sovet dönəmindəki tarixi dönüş nöqtəsinə də diqqət çəkib:

"Məhz mürəkkəb siyasi şəraitdə, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına ana dilimizin dövlət dili kimi daxil edilməsi tarixi bir dönüş oldu. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və cəsarəti sayəsində atılan bu addım mərkəzi hakimiyyətin ruslaşdırma siyasətinə qətiyyətli etiraz və milli kimliyin qorunması uğrunda strateji zəfər idi."

Əlifba İslahatı və Müasir Dövrün Çağırışları

XX əsr boyu ərəb qrafikasından latına, oradan kirilə və nəhayət yenidən latın əlifbasına keçidin təkcə texniki dəyişiklik olmadığını deyən deputat, bunun milli düşüncənin transformasiyası olduğunu bildirib. 2001-ci il avqustun 1-də latın qrafikalı əlifbanın rəsmi tətbiqi ilə Azərbaycan xalqı öz tarixi köklərinə və maarifçilik ənənələrinə qayıdıb.

Müstəqillik illərində bu siyasətin uğurla davam etdirildiyini vurğulayan Azər Allahverənov bildirib ki, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqinin təmin edilməsi haqqında” sərəncam dilimizin rəqəmsal platformalarda tətbiqi və müasir çağırışlara inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonda parlamentari əlavə edib ki, bir millət olaraq mövcudluğumuz dilimizin yaşaması ilə birbaşa bağlıdır: "Bu müqəddəs əmanəti qorumaq və onu gələcək nəsillərə daha zəngin şəkildə ötürmək hər bir azərbaycanlının mənəvi borcu və milli sədaqət andıdır."


Sizin reklam burada
Sizin reklam burada