Nadir şah niyə kölgədə saxlanıldı?

Nadir şah niyə kölgədə saxlanıldı?
08:36
Azərbaycanın yazılı tarixində dövlətçilik ənənəsini formalaşdırılmasında daha çox Şah İsmayılın adı çəkilsədə tariximizin ən mühüm şəxsiyyətləri olan Şirvanşah İbrahim, Nadir şah Əfşar və Nuru paşa arxa planda təbliğ edilir. Son yüz ildə onların tarixi irsinə münasibət eyni olmayıb. Sovet tarixşünaslığından başlayaraq Şah İsmayıl dövlətçilik simvolu kimi ön plana çıxarıldı, Şirvanşah İbrahim ,Nadir şah və Nuru Paşa isə uzun müddət kölgədə saxlanıldı. Bu yanaşmanın səbəbi yalnız tarix deyil, həm də ideologiya idi.Mən əsasən Şah İsmayıl və Nadir Şah üzərindən paralellik aparmağa çalışacam.
Şah İsmayıl kiçik yaşlarından şiə məzhəbçiləri tərəfindən Bayandırlı türk babasının nəzarət etdiyi ərazilərdə hakimiyyətə gətirildi.Yetkin yaşına çatana qədər artıq onun qafasında məzhəbi bir ideologiya oturşmuşdu. Onun hakimiyyətinin əsas dayağı dini-təriqət ideologiyası idi. On iki imam şiəliyinin dövlət ideologiyasına çevrilməsi türk və ümumilikdə müsəlman dünyasında əsrlərlə davam edən məzhəb qarşıdurmasının əsas amillərindən birinə çevrildi. Dövrün bir sıra Səfəvi,Osmanlı, Avropa və digər mənbələrində məzhəb zəminində zorakılıqlar, məcburi məzhəb dəyişiklikləri və kütləvi repressiyalar haqqında məlumatlar verilir. Bu hadisələrin miqyası və bəzi konkret faktlar tarixşünaslıqda mübahisə predmetinə çevirməyə çalışsalar da Səfəvi dövlətinin dini ideologiya üzərində qurulduğu danılmaz faktdır.
Nadir şah isə tamamilə fərqli dövlətçilik modeli irəli sürürdü. O, hakimiyyətini dini təriqət üzərində deyil, güclü ordu, mərkəzləşdirilmiş idarəçilik və dövlət maraqları üzərində qurmuşdu. Məqsədi şiə və sünni dünyasını qarşı-qarşıya qoymaq yox, onları vahid siyasi platformada birləşdirmək idi. Onun Cəfəri məzhəbinin İslam dünyasında beşinci fiqh məzhəbi kimi tanınması təşəbbüsü də məhz bu siyasi uzaqgörənliyin nəticəsi idi.
Nadir şah yalnız böyük sərkərdə deyil, həm də Türk tarixinin son böyük imperatorlarından biri idi. Onun qurduğu Əfşarlar imperiyası ərazi baxımından Səfəvi dövlətinin son dövründən daha geniş coğrafiyanı əhatə edirdi. Dövlətin sərhədləri Cənubi Qafqazdan və Dağıstandan Hindistanın Dehliyə, Mərkəzi Asiyadan Fars körfəzinə qədər uzanırdı. XVIII əsrdə bu imperiya dünyanın ən qüdrətli dövlətlərindən biri hesab olunurdu.
Nadir şahın sarayında, ordusunda və ali hərbi idarəçiliyində Azərbaycan türkcəsi geniş istifadə edilirdi. O, özü türk dilində danışırdı və hərbi-siyasi elitanın əsas hissəsini türk tayfaları təşkil edirdi. Bu səbəbdən Əfşarlar dövləti türk dövlətçilik ənənəsinin ən güclü nümunələrindən biri sayılır.
Bəs niyə məhz Nadir şah deyil, Şah İsmayıl ön plana çıxarıldı?
Bu sualın cavabı XX əsrin ideoloji siyasətində gizlidir. Sovet dövründə tarixi şəxsiyyətlər elmi obyektivlik naminə deyil, siyasi məqsədlərlə seçilir və təqdim olunurdu. Tarix milli düşüncəni formalaşdırmaq üçün deyil, mövcud hakimiyyət modelini əsaslandırmaq üçün istifadə edilirdi.
Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi- İdeyalar, dövlətyaratma təcrübəsi, zaman" əsəri də bu ənənənin davamı kimi görünür. Kitab zahirdə dövlətçilik tarixini araşdırsa da, mahiyyət etibarilə mərkəzləşdirilmiş, ideoloji itaətə əsaslanan idarəçilik modelini tarixi nümunə vasitəsilə legitimləşdirməyə çalışır. Burada Şah İsmayıl dini-siyasi lider kimi ideallaşdırılır, Nadir şahın milli və siyasi dövlətçilik konsepsiyası isə kölgədə qalır.
Halbuki müasir Azərbaycanın ehtiyacı dini ideologiyaya əsaslanan dövlət modelinə deyil, milli maraqları üstün tutan güclü dövlətçilik fəlsəfəsinədir. Bugünkü geosiyasi reallıq göstərir ki, dövlətin dayağı məzhəb deyil, milli birlik, güclü ordu, iqtisadi inkişaf və müstəqil xarici siyasət olmalıdır.
Məhz buna görə Azərbaycanın paytaxtında milli dövlətçilik tarixini simvolizə edən üç böyük şəxsiyyətin abidələrinin ucaldılması tarixi zərurət kimi görünür.
Nadir şah Əfşar – güclü dövlətin, hərbi dahiliyin və türk imperiya ənənəsinin simvolu.
Şirvanşah I İbrahim – Azərbaycan diplomatiyasının, siyasi uzaqgörənliyin və milli dövlətçilik ənənəsinin görkəmli nümayəndəsi.
Nuru Paşa – 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun komandanı və Azərbaycan-Türkiyə qardaşlığının əbədi rəmzi.
Bu abidələr yalnız tarixi şəxsiyyətlərin xatirəsinə ehtiram olmaz. Onlar Azərbaycanın hansı dövlətçilik fəlsəfəsini seçdiyini də nümayiş etdirər.
Tarix keçmişə pərəstiş üçün deyil, gələcəyi qurmaq üçündür. Azərbaycan gələcəyini məzhəb qarşıdurmaları üzərində deyil, milli dövlətçilik, türk dünyasının həmrəyliyi və müstəqil siyasi iradə üzərində qurmalıdır.
Azərbaycanın milli ideyasının əsas dayağı dini ideologiya deyil, milli dövlətçilik, siyasi realizm və müstəqillik olmalıdır. Bu baxımdan Nadir şah Əfşarın irsi daha aktual və daha müasir dövlətçilik modelini təmsil edir.
Azərbaycanın gələcəyi məzhəb üzərində deyil, millət üzərində qurulmalıdır.
Vasif Əfəndi, tədqiqatçı

Sizin reklam burada
Sizin reklam burada