ABŞ-Türkiyə yaxınlaşması İsraili narahat edir – AÇIQLAMA

ABŞ-Türkiyə yaxınlaşması İsraili narahat edir – AÇIQLAMA
09:43

Yaxın Şərqdə gərginliyin artması və geopolitik şəraitin dəyişməsi regionda Türkiyənin strateji əhəmiyyətini daha da artırır. ABŞ-nin regiondakı iqtisadi və siyasi balansları qorumaq üçün Ankara ilə daha sıx əməkdaşlığa ehtiyac duyduğu bir vaxtda, bu yaxınlaşma bəzi tərəfləri ciddi şəkildə narahat edir.

Mövzu ilə bağlı News365.az-a açıqlama verən siyasi analist, Adalet, Hukuk, Demokrasi (AHD) Partiyasının İdarə Heyətinin üzvü Əli Zülfüqaroğlu bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasındakı müsbət dialoq iki ölkə münasibətlərinə müsbət təsir göstərir.

Politoloq vurğulayıb ki, Ankara-Vaşinqton xəttindəki bu yaxınlaşma xüsusilə Tel-Əviv rəhbərliyində narahatlıq yaradır:

"İsrail ABŞ və Türkiyə arasında mümkün yaxınlaşmadan məyusdur. Xüsusilə Suriyada Türkiyənin təsirinin və rolunun artması İsrailin regional siyasətini və planlarını ciddi şəkildə çətinləşdirir."

"F-35 məsələsində Vaşinqtonun mövqeyi dəyişir"

Türkiyənin F-35 proqramından kənarlaşdırılması prosesinə toxunan Ə.Zülfüqaroğlu bu qərarın arxasında İsrailpərəst dairələrin dayandığını diqqətə çatdırıb. Lakin onun sözlərinə görə, mövcud reallıqlar Vaşinqtonu geri addımatmağa vadar edir:

"İran-İsrail gərginliyindən sonra ABŞ daxili siyasətində müəyyən balanslar dəyişdi. Bu yeni vəziyyət Türkiyənin F-35 layihəsinə qayıtmaq gözləntilərini daha da gücləndirir. Regiondakı proseslər Türkiyənin xeyrinə inkişaf edir. Türk diplomatiyasının son vaxtlar atdığı təsirli addımlar, ölkənin hərbi və diplomatik gücünü regional balansda həlledici amilə çevirib. Türkiyənin F-35 proqramına reinteqrasiyası baş verərsə, bu, Yaxın Şərqdəki güc nisbətinə köklü şəkildə təsir göstərəcək."


Sizin reklam burada
Sizin reklam burada