Ölkədə maaş və pensiya kartlarının seçimi ilə bağlı mühüm yenilik gözlənilir. Artıq vətəndaşlar ödənişlərini hansı bankdan almaq istədiklərinə özləri qərar verə biləcəklər.
Mövzu ilə bağlı News365.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, uzun müddətdir müzakirə olunan bu addım vətəndaşların hüquqlarının genişləndirilməsinə xidmət edir.
İqtisadçının sözlərinə görə, mövcud sistemdə Dövlət Sosial Müdafiə Fondu (DSMF) və ya müxtəlif təşkilatların müəyyən banklarla bağladığı müqavilələr vətəndaşlar üçün narahatlıq yaradırdı. İnsanlar məcburən həmin bankların xidmətindən istifadə edir, çox vaxt vəsaiti nağdlaşdıraraq daha əlverişli şərtlər, cashback və ya depozit faizləri təklif edən digər banklara keçirirdilər. Yenilik sayəsində isə hər bir şəxs bank tətbiqləri üzərindən maaş və ya pensiyasının köçürüləcəyi bankı sərbəst şəkildə seçə biləcək.
Məsələnin rəqabət tərəfinə toxunan X. Kərimli vurğulayıb ki, hazırda əməkhaqqı kartlarının böyük hissəsi iri bankların payına düşür. Bu da onların bazarda üstün mövqe tutmasına və əlavə gəlirlər əldə etməsinə şərait yaradır.
Mərkəzi Bankın bu addımı bank sektorunda bərabər imkanlar yaratmağı hədəfləyir. Yeni qaydaların tətbiqi ilə kiçik və orta həcmli bankların da müştəri bazasını genişləndirmək, daha cəlbedici təkliflərlə bazarda paylarını artırmaq imkanı yaranacaq. Bu isə ümumilikdə banklararası rəqabəti gücləndirərək xidmət keyfiyyətinin yüksəlməsinə təkan verəcək.