Sosial şəbəkələrdə geniş yayılan "istənilən nömrənin mesajlarını oxu", "həyat yoldaşının harda olduğunu izlə" kimi reklamlar son zamanlar bir çox vətəndaşın diqqətini çəkir. Lakin bu cür cazibədar vədlərin arxasında böyük təhlükə və maliyyə dələduzluğu dayanır. Başqasının şəxsi həyatına müdaxilə etmək cəhdi təkcə etik normanı deyil, həm də ölkə qanunvericiliyini kobud şəkildə pozur.
Mövzu ilə bağlı News365.az-a özəl açıqlama verən İT mütəxəssisi Elvin Abbasov bildirib ki, insanları şübhə və qısqanclıq hissləri üzərindən toruna salan bu məsələnin həm texniki, həm də psixoloji tərəfləri mövcuddur:
"Həqiqətən də kiminsə yazışmalarını oxumaq texniki cəhətdən mümkündür. Lakin bu, reklamlarda göstərildiyi kimi, sadəcə nömrəni yazmaqla uzaqdan baş vermir. İzləmə aparmaq üçün həmin telefonun ekran kilidini bilmək, cihaza fiziki olaraq daxil olmaq, gizli casus proqramlar yükləmək və ya "WhatsApp", "Telegram" kimi tətbiqlərdən QR kod oxutmaq lazımdır. Yəni telefona fiziki toxunuş olmadan uzaqdan izləmə aparmaq praktiki olaraq imkansızdır. Bundan əlavə, şəxsin razılığı olmadan onun məlumatlarını izləmək Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəxsi həyatın toxunulmazlığının pozulması deməkdir və ciddi hüquqi məsuliyyət yaradır."
"Dələduzların hədəfi izləmək istədiyiniz şəxs yox, elə siz özünüzsünüz!"
İT mütəxəssisinin sözlərinə görə, internetdə qarşımıza çıxan bu növdən olan vədlərin 99 faizi sırf kiberdələduzluq tələsidir:
"Dələduzlar insanların maraq və ya şübhə hisslərindən istifadə edərək onları təhlükəli keçidlərə yönləndirirlər. Siz qarşı tərəfi izləmək üçün həmin linklərə daxil olduqda, nəticədə izləmək istədiyiniz şəxsin yox, elə öz telefonunuzun bank kartı məlumatları, parolları və şəxsi faylları oğurlanır. Bəzən isə uydurma məlumatları göstərmək adı ilə sizdən pul tələb olunur. Bir sözlə, uzaqdan nömrə ilə izləmə təklif edən bütün proqram və linklər maliyyə dələduzluğudur və bu cür vasitələrdən uzaq durmaq həyati əhəmiyyət kəsb edir."