“Dövlətin təhlükəsizliyinin möhkəmləndirilməsində KİV-lər də iştirak edir”
News365.az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Nigar Məmmədova deyib.
"İctimai rəyin formalaşmasında, milli mədəniyyətin və dilin qorunub saxlanmasında müstəsna rol oynayan milli mətbuat hər bir dövlət üçün vacib institutdur. Xüsusilə hibrid savaşların, informasiya müharibəsinin aktuallaşdığı dövrdə medianın rolu ön plana çıxıb. Artıq elə bir tendensiya yaranıb ki, dövlətin təhlükəsizliyinin möhkəmləndirilməsində KİV-lər də iştirak edir.
150 illiyini qeyd edən Azərbaycan milli mətbuatı da uzun və keşməkeşli inkişaf yolu keçib. 1875-ci ildə “Əkinçi” ilə yola çıxan Azərbaycan mətbuatı bütün inkişaf mərhələlərində milliliyi qoruyub saxlayıb. Milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
Müstəqillik dövründə Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yarandı. Belə ki, 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı. Medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Məhz bu ali dəstək nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar oldu.
İnformasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Azərbaycan mediası həm birinci, həm də ikinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Uzun illər işğala məruz qalan dövlətin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq missiyasını yerinə yetirib. Ölkəmizə qarşı hər zaman həyata keçirilən ikili standartlar siyasətilə mübarizədə milli mətbuatımız ön sırada olub.
Peşəkar Azərbaycan jurnalisti həm də vətənpərvər, təmsil etdiyi dövlətin milli maraqlarını bütün maraqlardan üstün tutmaqla fərqlənir.
44 günlük Vətən müharibəsi zamanı mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoydu. Ölkəmizə qarşı aparılan çirkin dezinformasiya müharibəsinin qalibi oldu. Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırıldı. Düşmənin və onun havadarlarının saxta məlumatları yüksək peşəkarlıqla ifşa olundu.
2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi bölgədə yeni reallıqlar yaratdığı kimi milli mətbuatımız üçün də yeni prioritetlər formalaşdırıb.
Təsadüfi deyil ki, hazırda ölkəmizdə çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Prezident İlham Əliyevin milli mətbuatın 150 illiyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı sərəncamı ali diqqət və qayğının növbəti təzahürüdür. Bir neçə gün əvvəl Xankəndidə keçirilən 3-cü Şuşa Qlobal Forumunda cənab Prezident Azərbaycan mətbuatını milli maraqları müdafiə edən güclü platforma kimi qiymətləndirdi. Dövlət başçımızın da bəyan etdiyi kimi, “Azərbaycan mediası nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Ölkəmizə qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlil və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib.”
Bir sözlə, bu gün mediamız Azərbaycanın tərəqqisinin, müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısıdır. Əminliklə söyləyə bilərik ki, qalib Azərbaycanın milli mətbuatı ən güclü dövrünü yaşayır.