Moskvadan bir addım irəli, iki addım geri- Bakıdan üzr istəniləcəkmi?

Moskvadan bir addım irəli, iki addım geri- Bakıdan üzr istəniləcəkmi?
15:00

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak ediblər. Parad başlamazdan öncə Pekindəki Tiananmen meydanında Azərbaycan və Rusiya liderlərinin qeyri-rəsmi formatda təmasları olub.

Belə ki, otağa daxil olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə xanımı Mehriban Əliyevanı salamlayıb.

Bu hadisədən sonra isə Rusiya prezidenti Çinə səfərinin yekunlarına dair mətbuat konfransında bildirib ki,  “bu gün prezident Əliyevlə salamlaşdıq, mən həm onunla, həm də həyat yoldaşı ilə salamlaşdım. Ayaqüstü söhbətləşdik də”.
Moskva ilə Bakı arasındakı münasibətlərin vəziyyətini şərh edən Putin deyib ki, ölkələr arasında münasibətlərdə həmişə müəyyən məsələlər ortaya çıxır:

“Mən hesab edirəm ki, Azərbaycan və Rusiya arasındakı fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq sonda hər şeyi öz yerinə qoyacaq”.

Nəzərə alaq ki, 2025-ci ilin dekabr ayının 25-də Rusiya səmasında Azərbaycana məxsus təyyarənin vurulmasından sonra iki ölkə arasındakı münasibətlərdə soyuqluq yaranıb. Çünki rəsmi Moskva törədilmiş terror hadisəsinə görə Azərbaycan tərəfdən üzr istəməyib. Eləcə də dəymiş zərərə və itkilərə görə Azərbaycan tərəfə heç bir sığorta ödənişi edilmməyib.

Maraqlıdır ki, Putinin son açıqlamasından sonra Rusiya Xarici İşlər Nazirliyi Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı sığorta kompensasiyasının ödənildiyini iddia edib. 

İddiada Rusiya XİN “AlfaStrakhovanie” ASC-nin fevral ayından təbii fəlakətlə əlaqədar sığorta ödənişlərini həyata keçirdiyini açıqlayıb. Azərbaycan aviaşirkətinə təyyarəyə görə tam sığorta dəyəri - 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənildiyi iddia olunub.  

Eyni zamanda,15 Rusiya vətəndaşından 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, 3 Qırğızıstan vətəndaşının hamısının, 6 Qazaxıstan vətəndaşından isə 1-nin tam ödənişinin təmin edildiyi bildirilib.

Məsələyə ilk etiraz qəza zamanı həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevdən gəlib. Mətbuata açıqlamasında o bildirib ki, Rusiya onun ailəsinə heç bir ödəniş etməyib:

“Nə vaxt sığorta ödənişi ediblər?! Bizim xəbərimiz yoxdur, yalan söhbətdir”.

Azərbaycan tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.
Bu günsə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Xarici İşlər Nazirliyinin "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə  4 sentyabr tarixli mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlaması ilə bağlı şərhində deyib ki, “Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır.
AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya Hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır. 

Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin həyata keçirilməsi prosesi artıq 6 aydır həyata keçirilir.

Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir.

Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb. 

Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil.  

Rusiya XİN-in son açıqlamasında diqqət çəkən ikinci məqamsa cari ilin iyul ayında Yekaterinburqda azərbaycanlılara qarşı törədilən qanunsuzluqlarla bağlı fikirlər olub.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim etməsi və onların azadlığa buraxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürüb.

Lakin hər kəs bilir ki, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranış səbəb olub.  Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır. 

Həm Putinin açıqlaması, həm Rusiya XİN-in bəyanatı göstərir ki, Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq rəsmi Moskvanı ciddi narahat edir. Lakin münasibətlərin istiləşməsi üçün Kremli doğru seçim eləmir və yanlış iddialar irəli sürür. Bu da onu göstərir ki, Putin hakimiyyəti rəsmi Bakı ilə münasibətləri sağlamlaşdırmağa tam hazır deyil.

News365.az


Sizin reklam burada
Sizin reklam burada