Rusiya Xarici İşlər Nazirliyi ABŞ prezidentinin Moskvaya cavab səfərini gözlədiyini açıqlayıb.
News365.az xəbər verir ki, XİN sözçüsü Mariya Zaxarova məsələ ilə bağlı açıqlamasında Trampın səfərinin vaxtının hələlik məlum olmadığını bildirib. Onun sözlərinə görə, bu barədə qərar yalnız ABŞ prezident administrasiyasına aiddir.
Rusiyalı politoloq Vladimir Vasilyev isə “Vestnik Kavkaza”ya müsahibəsində qeyd edib ki, Vaşinqton hazırda Moskva ilə münasibətlərə yenidən baxır. Onun fikrincə, Ankoricdə baş tutan Tramp–Putin görüşündə Rusiya lideri daha üstün mövqe nümayiş etdirib:
“ABŞ ümid edirdi ki, görüş vasitəsilə Putinə təsir göstərə biləcək, lakin əksinə, Kreml öz mövqelərini gücləndirdi”.
Ekspert vurğulayıb ki, Rusiya Çin və Hindistanla əməkdaşlığı genişləndirərək ABŞ-ın təzyiq siyasətini balanslaşdırır. Vasilyevə görə, bu, Vaşinqton üçün uğursuzluq hesab oluna bilər, xüsusilə də Tramp administrasiyası Ukrayna məsələsini qısa müddətdə həll edə bilmədiyi halda.
Onun sözlərinə görə, Trampın Moskvaya səfəri qaçılmazdır və tərəflər dialoqu davam etdirməkdən başqa yol görmürlər.
News365.az