Turistlərə qarşı yanaşma dəyişməsə, 2019-cu ilin göstəriciləri xatirə kimi qalacaq

Turistlərə qarşı yanaşma dəyişməsə, 2019-cu ilin göstəriciləri xatirə kimi qalacaq
16:28

“Daha bir turizm mövsümü başa çatır. Bu sahədə çatışmazlıqlar və həllini gözləyən problemlərlə bağlı dəfələrlə fikir və təkliflər səsləndirmişik. İndi isə çox sadə görünsə də, turizmin davamlı inkişafı üçün həlledici əhəmiyyət daşıyan bir məsələyə diqqət çəkmək istəyirəm”.

Bunu News365.az-a müsahibəsində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, təəssüflə bildirib ki, bir çox tarix-memarlıq abidələrində və digər məkanlarda turist hələ də “bir dəfəlik gəlir mənbəyi” kimi görülür:

“Şəkil çəkməyə qadağa qoymaq və yaxud şəkil çəkmək üçün pul tələb etmək kimi yanaşmalar yalnız qısamüddətli qazanc psixologiyasının təzahürüdür. Halbuki turizmin iqtisadi dəyəri təkrar səfərlər və razı qalan turistin tövsiyələri üzərində formalaşır.

Dünyada ən çox ziyarət edilən Parisin Louvre muzeyində tətbiq edilməyən qadağaları biz bəzi məkanlarımızda tətbiq edirik. Buna görə də “Louvre”-a 40 avro ödəməyə hazır olan hər il 8-9 milyon turist gəlir, biz isə hələ də belə turizm potensiallı məkanlarımızı dövlət büdcəsindən “asmışıq”.

Belə məkanların rəhbərləri və buna qərar verən şəxslər iqtisadi düşüncəsi və uzunmüddətli viziona sahib olmalıdır. Artıq hamı bilir ki, milyonlarla turist çəkdiyi şəkilləri sosial şəbəkələrdə paylaşaraq bu məkanların pulsuz reklamını edir. Belə məkanlarda şəkil qadağası və ya əlavə pul tələbi reputasiyası korlayır və turistin beynində neqativ yadda qalır.

Yeri gəlmişkən turistlərlə qeyri peşəkar davranma tərzi təkcə dövlət sektora aid olan məkanlarla bağlı deyil. Sahibkarlarımız və onların xidmət edən heyəti də turistlərə birdəfəlik gəlir yeri kimi baxır. Sanki, xəbər gəlib ki, bu il dünya dağılacaq, nə qədər pul qopara bilirsənsə, qopar. Gələn il həyat olmayacaq…

Bu faktorlar turizm sektoruna ən çox zərər verən səbəblərdəndir. Əgər bu məkanlarda turistlərə qarşı bu yanaşma dəyişməsə, 2019-cu ilin turizm göstəricilərini hələ uzun illər xatirə kimi xatırlayacağıq. Çünki, dövlət hansı infrastrukturu qurursa qursun, hansı dəstəkləyici addımı atırsa atsın, effekt lazımi səviyyədə olmayacaq”..

News365.az

 


Sizin reklam burada
Sizin reklam burada