İrəvanda bu gün “Arsax” şüarları altında toplantılar keçirilib. Qondarma respublikanın yaranmasının ildönümü münasibətilə keçirilən tədbirlərdə separatçılar, erməni kilsəsi və bəzi müxalifət partiyaları iştirak edib, müxtəlif bəyanatlar səsləndiriblər.
Bu sözləri News365.az-a politoloq Zaur Məmmədov bildirib.
O, qeyd edib ki, “Dağlıq Qarabağ parlamenti”nin növbədənkənar sessiyasında qəbul edilən sənəd mitinqdə deputat Metaxe Akopyan tərəfindən oxunub. Orada əsirlərin azad edilməsi və Qarabağ ermənilərinin geri qaytarılması məsələsinin Ermənistan–Azərbaycan danışıqlarının gündəliyinə salınması tələb olunub:
Müəlliflər ATƏT-in Minsk qrupunun buraxılmasını da qəbuledilməz adlandıraraq iddia ediblər ki, onun mandatına guya Qarabağ ermənilərinin hüquqları daxildir. Bundan başqa, özünü separatçıların “prezidenti” adlandıran Samvel Şahramanyan, Ermənistanın katalikosu, Kilikiya katalikosu və bir sıra müxalifət liderləri çıxışlarında indiki şəraitdə Qarabağın “müstəqilliyinin” mümkün olmadığını etiraf etsələr də, gələcəkdə “azadlıq” üçün fürsət yaranacağına ümid etdiklərini bildiriblər. Onlar Ermənistan hakimiyyətini satqınlıqda günahlandırıblar”.
Onun sözlərinə görə, Ermənistanda və xaricdəki bu qüvvələr hələ də “Böyük Ermənistan” xülyası ilə yaşayır, Paşinyanı devirmək və xarici güclərin dəstəyi ilə yenidən ərazi iddialarını gündəmə gətirmək niyyətindədirlər:
“İşxan Saqatelyan və digərlərinin bəyanatlarında “Ermənistan hökuməti Azərbaycanın təzyiqi ilə Vaşinqton sazişini imzalayıb və bu sənəd qeyri-legitimdir” kimi fikirlər səslənib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin vaxtında atdığı addımlar – Laçın yolunun azad edilməsi, bölgənin separatçılardan təmizlənməsi, sülhməramlıların Qarabağı qarşılıqlı razılaşma əsasında tərk etməsi, Ermənistanın Minsk qrupunun buraxılmasına razılıq verməsi və Vaşinqton sazişinin imzalanması – ölkəmizi ciddi təhdidlərdən sığortalayıb.
Politoloq qeyd edib ki, hazırda Cənubi Qafqazda tarixi proseslər gedir, yeni münasibətlər sistemi formalaşır. Azərbaycana qarşı etnik kartlardan və təhdidlərdən istifadə cəhdləri mümkündür. Lakin bu gün nə 1918–1920-ci illər, nə də 1990-cı illərdir. Azərbaycanın güclü siyasi, iqtisadi və demoqrafik potensialı, diaspora resursu, Şuşa Bəyannaməsi, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatındakı aparıcı mövqeyi, eləcə də ciddi hərbi-siyasi müttəfiqləri var.
Zaur Məmmədovun fikrincə, Ermənistanda revanşist qüvvələrin səsləndirdiyi iddialar göstərir ki, onlar hələ də köhnə xülyalardan əl çəkməyib:
”Halbuki Ermənistanın gələcəyi yalnız öz seçimlərindən asılıdır: ya sülh və əməkdaşlıq yolunu seçib inkişaf edəcək, ya da “Böyük Ermənistan” kimi utopik ideyalarla yenidən dərin böhrana sürüklənəcək. Seçim onların əlindədir”.